Friday, July 13, 2007

Atom Enerjisi

Atom enerjisinə gərək varmı?
Məncə, İranın Atom enerji istehsal etməyinə heç bir iqtisadi səbəb yoxdur, hər nə var, hərbi hədəflərdir. Əlbəttə, atom enerjisi 50 ilə yaxındır ki, İran hakimiyyəti tərəfindən planlaşıb, yəni, bir-iki ilin söhbəti deyil. Birinci dəfə, 1960-ci ildə İran hakimiyyətində nüvə marağı yarandı, ancaq ciddi tədbirləri və planları həyata keçirmək tarixi 70-ci illərə qayıdır. O zaman da “ davamlı enerjiə malik olamq” “ müstəqil enerji istehsalı” “ nüvə texnikasından yararlı istifadə” və bu kimi bəhanələrlə, rejim dünyanı öz sülhyönlü niyyətlərindən arxayın etməyə çalışıb. Ancaq heç zaman dünyanı inandıra bilmədi. MAQATE dəfələrlə atom istehsalının dayandırılması ilə əlaqədar İrana xəbərdarlıq edib.
İrana atom enerjisi nədən lazim deyil?
1- Uran ehtiyatlarının az olmağı
birinci, əyər istaifadə tempini sabit tutsaq İranın neft ehtiyatları 90 ilə qədər tükənməzdir, qaz ehtiyatları isə 220 ilədək kifayət edər. Buna rəğmən Uran ehtiyatlarını həddən artıq azdır. Rejim Buşehsr enerji stansiyasının bərpa etməyindən öncə, 15 illik bir planda 6 enerji stansiyasının bərpa etmək planını tökdü. Ancaq rejimin planı burada bitmir, 2005-ci il, əlavə olaraq 13 atom enerji stansiyasının təməlini də bərpa etmək layihəsi milli məclisdə təsdiq olundu. Hər stansiyanın ən azı ildə 22 ton, 4.4% qəniləşmiş urana ehtiyacı var. İstixrac olunmuş hər ton uarnda 553 qram xalis uran olur. Yəni, rejim stansiyaların yanacağını təmin etməyə ən azı ildə 450 min ton ( 45 milyon kilo) uran istixrac etməlidir. MAQATE-nin statistikalarına əsasən, əyər İran hər iki ildən bir stansiyanı bərpa edə bilsə, 2020-ci ildə stansiyaların hamısının projəsi tamamlaşır. Ancaq reallıq budur ki, 2012-ci ildə İranın uran ehtiyatları büsbütün qurtarır. Bəs bu qədər Atom enerji stansiyalarına sərmayə sərf etmək nəyə gərəkdir?
2- Uran idxal etmək variyantı

Beləliklə, İranın uran idxal etməsi zərurəti ortaya çəxər. Beləliklə, İran rəsmilərinin verdiyi “ müstəqil enerji istehsalı” şüarı büsbütün absurddur. Bundan əlavə, İranın gərəyincə sərmayə ehtiyatı yoxdur, yəni, böyük projələri həyata keçirməyə maliyyə problemlərlə üzləşir. İran exportdan qazancının 80%-i neftə bağlıdır və illik büdcəsinin 45%-i neft satışından təmin olunur. İranda benzin stansiyalarının az olduğuna görə, 40% benzin idxal edilir. 2005-ci ildə benzin yanacağının idxalına sərf olunan büdcə 4.5 milyard dollar idi. Benzin stanlsiyalarını bərpa etməkdən öncə atom stansiyalarını qurmaq ağlasığmazdır.
3-qaz ehtiyatları
Dünyanın ikinci qaz ehtiyatları İrandadır. Qaz ehtiyatlarından istixrac olunan yanacağın 75%-i İranın içində müxtəlif yancaq tələblərə istifadə olunur, 10% ixrac edir və 15% neft stansiyalarına yanacaq kimi istifadə olunur.
Beləliklə, İran əlində olan təbii enerji yatırımlarından və ehtiyatlarından düzgün istifadə etmək yerinə, Atom enerji stansiyasının sonsuz həzinələrinə boyun əyib, stansıyaları bərpa etməsində heç bir məntiq yoxdur.
Nəticə:” İran rejimi nüvə silahi əldə etmək üçün, sülhamiz atom enerji istehsalını bəhanə edib. Doğurdan da, İran nüvə silahını hansı məqsədlərə görə əldə etmək istəyir?”

Monday, July 9, 2007

Əsəbi millətin kef axtarışı

İran və Azərbaycanın qadınları bir yana, kişiləri də bir-birinə günü kimi baxır. Hamının səbr kasası, bağışla, səbr quyusu aşıb-daşır. Heç bir vətəndaşda kimsəni dinləməyə hal-əhval qalmayıb. Mən dəfələrlə ABŞ, yaxud avropalıların münasibətlərinə, davranışlarına və gülümsəmələrinə fikir vermişəm. Hər zaman özgələrə xoş əhval-ruhiyyə bağışlamağa can atırlar. Amma biz!

Sadəcə, bir misal gətirim. Bulvarda oturan qız və oğlanlara diqqətlə baxsanız, görərsiniz ki, qız başını oğlanın çiyninə qoyub, gözlərini yumaraq saatlarla trajik bir status yaradaraq dayanır. Həmişə bir saat gecikir, ağlayır, nə bilim, gileylənir. Bizlər başqalarının xoş əhval-ruhiyyəsini pozmaqda ustayıq. Üstəlik, belə bir davranışla istəklərimizə nail oluruq. Bizlər üstüörtülü danışmağa meylliyik. Aşkarlıq, aydınlıq və səmimiliyə büsbütün biganəyik. Bizim şəxsi ərazimiz ürəyimizin içi böyüklükdədir. Uşaq doğulandan sonra valideynindən yalan danışmağı, qeyri-səmimi olmağı və ikiüzlülüyü öyrənir. Şərqli kişi həmişə gecə vaxtı çıraqları söndürüb zil qaranlıqda, gözləri heç nəyi görmədən qadınla yatmağı sevir. Yəni həmişə gizli olmaqda və gizli qalmaqda maraqlıdır. İran qadınlarının 82%-i ruhi xəstəliklərlə əlbəyaxadır. Azərbaycan qadınının döyülməsi adi haldır. Hamının dərdi qarnında xülasə olur. Azərbaycanda 4 sifətin, ümumiyyətlə, mənası yoxdur: intellektual, şok, normal, müxalif (tənqidçi). Hamı birincilər sırasına təpilir. Məsələn, jurnalistika sahəsində çalışan reportyor bir az, köşə yazarı ondan çox, bədii əsərlər müəllifi daha çox və müğənnilər büsbütün iddia sahibləridirlər. Guya ölkəyə kimsə bunlardan artıq xeyir vermir. Qonorar sisteminin jurnalistikası hamının biliyini okean boyda, amma barmaq dərinliyində eləyib. Hamı özünün başı çıxmayan, amma yazıb tənqid etdiyi mövzulardan əsəbiləşir. Biz özgələr bir yana, öz içimizdən gələn səslərdən və istəklərdən də imtina edirik. Tənqid! Eh, bu söz büsbütün sırtılıb. Pisi tənqid, yaxşını tənqid! Yadıma gəlir, azanın səsgücləndiricilər vasitəsi ilə verilməsinə qadağa qoyulmuşdu. Əleyhinə olanlar da bu tədbiri tənqid edərək, yazılarının başına “Şok xəbər” sözünü əlavə etmişdilər. Yaşayışla döyüşmək, savaşmaq və mübarizə etmək zor işdir, amma onunla yola gəlib birtəhər barışmaq, əsəbiləşmədən tədbirlər həyata keçirmək daha da zordur. Mən özümü Şərq ruhlular sırasına qataraq bunu da əlavə etmək istəyirəm ki, biz heç kimlə normal əlaqə yaratmağı, dil tapmağı və münasibət qurmağı bacarmırıq. Özümüzlə, ailəmizlə, dostlarımızla, tanışlar və başqa insanlarla əlaqə yaratmaqda çətinlik çəkirik. Hamıdan imtina edirik. Əli Kərimlinin keçən həftə “Alma” qəzetinə verdiyi müsahibəni oxudum. Müsahibəni alanın sarsıdıcı sualları Ə.Kərimlidən qabaq mənim əsəblərimi tarıma çəkirdi. Bu qədər də mənfi baxışlı, müxalifətlə müxalif mövqe tutan bir müsahibəçi ola bilərmi? Dəhşətdir. Dövlət idarələrində durum daha da gərgindir. Heç kimin səbri, hövsələsi çatmır. Sən dövlət işçisinə dilinlə, gözlərinlə, əllərinlə, qaşların, baxışların və büsbütün vücudunla danışıb, problemini izah etmək istəyirsən, amma o, masasının üstünə tökülmüş bir qalaq kağız, qovluq və sənədin içində eşələnir. “Hə, sən danış, qulağım səndədir” deyib qulağını, burnunu qaşıyır. Səni əsəbiləşdirmək üçün.

Friday, July 6, 2007

Etiraf edirəm

Beni kaç kere dövdüler, adını söylemedim
Ahmet Kaya
Bir neçə gündür, ürəyimə damıb ki, ömrümün sonu çatıb. Mənim ürəyim heç zaman yalan danışmaz. Buna görə təcili şəkildə bir para tədbirlər həyata keçirmişəm. Birincisi, tövbələyib, qüsl eləmişəm. Səhər-səhər tülkü durmazdan ayağa qalxıb, günortayadək namaz qılır, bir tikə quru çörək sulayır, əsir əsgərin iştəhası ilə yeyib, yenə də namaz qılıram. Bağışla, yadımdan çıxmışdı. Mən bu günlər, ümumiyyətlə, oruc tuturam. Bəli, bəli. Heç nə yemirəm. Cızma-qaralarımdan aldığım qəpik-quruşu da Afrikanın aclarına ehsan edib, nəzir demişəm. Əlbəttə, fəqət musəlman ölkələrdə yaşayan aclara. (Onsuz da, aclıq yalnız musəlmanlara məxsusdur). Hamıdan önəmlisi efiraf planımdır. Bəli, bəli. Ulu babalarımızdan əsirlər və nəsillər boyu “Etiraf” adlı genetik xəstəlik mahiyyətini dəyişmədən yoluxub, nəhayət, mənə çatıb.
Indiyədək məni bir neçə dəfə “Ettelaat”a aparıb, döysələr də, heç nəyi boynuma almamışam. Axı mən onda əsl musəlaman deyildim! Amma indi etiraf edəcəyəm. Bütün gördüyüm və görmədiyim işləri boynuma alacağam. Cinayət Məcəlləsinin bütün bəndləri, maddələri istisnasız mənim cinayətlərimə tətbiq olunacaq və ilaxır. Keçən il Təbrizin “Ettelaat” təcridxanasında gözlərimi bağlayıb, dar bir dalanda gecəni səhərədək o yan-bu yana dolandırdılar. Iki addım atırdım, deyirdilər: ”Dön sağa”. Üç addım atırdım: ”Indi də sola” - deyə səhərədək sinirlərimi pozurdular. Sonra “karser”ə saldılar. Yuxusuz olsam da, qışın günü sulu döşəmənin üstündə uzanmaqdan çəkindim. Axşamacan ayaqüstə durdum. Axşam yenə də istintaq otağına aparıldım. Müstəntiq “Bismillahir-rəhmanir-rəhim” deyib, dərhal ana-bacımı söyməyə başladı. Mənim isə gülməkdən az qala ürəyim ağzıma gəlmişdi. Qalxıb qulağımın dibinə bir şapalaq qoydu: “Qeyrətsizin birisi, adamın namusuna söyüləndə hırıldamaz!” - deyə paltarlarımı soyunmağı tələb elədi. Əynimdə bir nazik şortikdən başqa heç nə qalmadı. Sonra məni “Ettelaat”ın həyətinə ötürdülər. Şaxta-küləkdən donsam da, tərpənmədən düz yerimdə dayandım. Qısası, 4 gün saxldılar, sonra buraxdılar. Hələ də bilmirəm, məni nəyə tutmuşdular!? Yaxud, nəyi etiraf etməyi tələb edirdilər?! Bir dəfə soruşdum: ”Nəyi etiraf edim?” Dedilər: “Hər nə bilirsən”. Mən də başladım Şopenhauer, Nitsşe, Kant, Heydegger, Puper, Rassel, Mişel Butur, Vitginiştayn və digər filosoflardan hər nə bilirdim, danışdım. Sonunda T.S.Eliotun məşhur şah əsəri “Bayır ölkə”ni (Waste land) ingiliscə oxumağa başladığım zaman böyrumdə duran məmur barmağı ilə beyninə işarə edib, müstəntiqə dedi: ”Əşşi, bu gic...di”. Sonra üzünü mənə sarı çevirib: ”Bu şarlatanların yerinə bir az da Quran oxuyub, qiyamətdən qorx” - dedi. 4 səhifəlik, qiyamət haqda yazılmış “Nəbə” surəsini ərəbcə oxumağa başladım.
Müstəntiq:
- Neçə yaşın var, musəlmansan?”
- 25. Müsəlmanam.
- Quranı haçan əzbərləmisən?
-14 yaşıma qədər. Bütünlüklə əzbər bilmirəm.
- Ərəb və ingiliscədən başqa hansı dilləri bilirsən?
- Sizdən başqa bütün millətlərlə dil tapmağa qadirəm.
Bunu deyəndən sonra acığından mənimlə farsca danışdı. Mən isə məcburiyyətdən həmən dildə cavab verdim.
- Indiyəcən hansı xarici ölkələrə getmisən?
- Heç yerə.
Bir az fikirləşib:
- Əgər xarici ölkələrin birisinə addımını qoysaydın, səni casusluq ittihamı ilə özüm kəfənləyərdim” - deyib əlavə etdi - Bu neçə dil bilən heyvanın (filan yerindən) 5 kiloluq daş asın, kimlərə ... verdiyini də etiraf edər”.
Sonra başını bulaya-bulaya ayağa qalxıb getdi. Nə isə... Orada etmədiyim etirafi indi edirəm: “O adam özüməm”.
Əl-fatihə...

Babək qalası

Yürüşlərdən xatirələrim

Hər il bu zamanlar Güneylilər Babək Xürrəminin doğum günü münasibətilə Bəzz qalasında təntənəli mərasim keçirir. Bu mərasimlərdə hər zaman iştirak etsəm də, heç birisi 2000-ci ilin yürüşü kimi təntənəli olmadı. 100 minə yaxın adamın arasına iynə salsaydın, yerə düşməzdi.

Keçən il «Ettelaat»ın hədə-qorxularına rəğmən, yenə də qalaya gedən az olmadı. Gecəyarısı, saat 3-də bir avtobus dolu milli fəal Təbrizdən qızlı-oğlanlı Kəleybər kəndinə sarı yola düşdük. Əvvəlcə Təbrizin yol polis postunda yoxlamaq bəhanəsi ilə avtobusu dayandırdılar. Neçə nəfər saqqallı mülki libasda, əllərində çomaq avtobusa keçib, hər şeyi, hamını yoxladılar. Çantaları açıb yerə tökdülər, Sevinc xanımın qucağındakı 6 aylıq körpənin bələyinədək açıb yoxladılar. Kim bilir, birdən bayraq və ya məxfi vərəqə gizlətmiş olar. Əlbəttə, həmişə olduğu kimi, özümlə Güney Azərbaycanın bayrağını götürüb gizlətmişdim. Harda? Bu dəfə də yuyucu tozun içində. Ülgüclə ağzını kəsdiyim yuyucu tozun qabını yapışqanla çox təmiz yapışdırmışdıq. Heç nə bəlli olmurdu, sankı fabrikdən indicə çıxıb. «Ettelaat» məmurlarının birisi üzünü mənim dostum Bəhmənə sarı tutub: ”Hara gedirsiniz?” – deyə soruşdu.
Tez dedim: ”Toya gedirik. Əhər şəhərinə”. Üzünü çevirib gedəndə: “Eşşək özünsən” - dedi. Yəni bizim qalaya getdiyimizi bilirdi. Sonra yenə də yola düşdük, hər addımbaşında tez-tez avtobusu dayandırdılar. Nəhayət, Əhər şəhərinə çatdıq. Yol polis postunda yenə də avtobusu dayandırdılar. Bu dəfə bizdən evimizə qayıtmağı tələb etdilər. Sürücünün və bir neçə nəfərin şəxsiyyət vəsiqəsini əlindən aldılar. Polislərin birisi çox atılıb-düşürdü: “Məgər bilmirsiniz, qalada hərbi manevr keçirilir? Qayıdın düz evinizə sarı, haydı!”. Cansız bədəninin dirisini qapana qoysan, 40 kilo olmazdı! Etirazımızı görən məmurlar bizdən avtobusdan yerə enməyi tələb etdilər. Bircə-bircə hamının üstünü axtardılar. Mənim zarafatlarımdan əsəbiləşən «Ettelaat» məmuru əlimdən tutub, otağa apardı.
- Boşalt, üstündə nə var, boşalt.
- Mən dünən gecə boşalmışam, boşaltmalı bir şeyim qalmayıb.
Gicin birisi qabına nə saldığımı bilmədi. Nə isə, məcbur olduq maşından yenib, Kəleybər kəndinədək piyada 8 saat yol gedək. Getdik də, çatdıq da.
Doğrudan da, dəhşətli mənzərələr yaratmışdılar. Hər yer “Sipah”, “Bəsic”, «Ettelaat» məmurları ilə dolu idi. Qalanın altında, meşədə, düzənlikdə hərbi çadırlar yan-yana düzülmüşdü. Ətraf dağlarda RPÇ, top və digər ağır silahlar qondarılmışdı. Səsgücləndiricilərlə qulaqkaredici mərsiyələr, azan səsi, farsca hərbi marşlar və digər səslərlə beynimizi dağıtdılar. Harda çadır qurduqsa, gəlib əngəl oldular ki, yığışdırın. Bir neçə nəfəri tutdular. Olar-olmaz 100 nəfər idik. Nahardan sonra millətin izdihamı çoxaldıqda bir az ürəyimiz yerinə gəldi. Hamının kamerasını əlindən almışdılar. Əl telefonlarını da. Musiqi alətlərini də. Bəzən hətta radio və maqnitofonları da alırdılar. «Ettelaat» məmurları sağ-solumuzda gəzişir, çevrəmizdə vurnuxurdu. Axşamacan matəm tutmuşlar kimi əllərimiz qoynumuzda məmurların manevrə hazırlaşmasına tamaşa etdik. Qalaya girməyi də qadağan etmişdilər. Nəhayət, gecə oldu. Millət toplaşıb qurd kimi ulamağa başladı. Tonqallar yandırıldı. Bir rəqs qrupu meydanın ortasına keçib, çəpik səslərinin ritmi ilə gözəl rəqs ifa etdi. Sonra həmin qrup Babək Xürrəminin canlı teatrını nümayiş etdirdi. Tamaşaçılara göz qoydum. Hamı nəfəs dərmədən maraqla qulaq asırdı. Dəhşətə gələn kim, bəzən həyəcandan Babək rolunda oynayanın ağzından çıxan sözləri yenə də, yanında durana deyən kim, bəzən gözləri dolub, bəzən də sevinclə gülən kim?! Gecənin necə səhərə qovuşmağını heç kim duymadı. Səhər çağı dağ yolları ilə gizlicə gətirilən tar, nağarayla 3 rəqs qrupu meydanın ortasına keçdi. Amma hayıf olsun, keçən il bayrağı qalada dalğalandıra bilmədim...

Wednesday, June 27, 2007

Fahişələr də insandır

Fahişələr də insandır


Bu mövzu, bəlkə, çoxlarını qıcıqlandıracaq. Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq sussalar yaxşıdır.

Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!
Yeri gəlmişkən, bunu da deyim ki, keçən həftə “İnqilabın pərdəsi arxasında” adlı bir kitabda baş terrorçulardan biri olan Hüseyn Burucerdinin etiraflarını oxuyub maraqlandım. Demək, inqilab ərəfəsində, Mehdi Bazərganın müvəqqəti dövlətə başçılıq etdiyi zaman mollaların hərəsi özünə bir bəsicçi komitə yaradıb, başlayıblar qanunsuzcasına millətin var-yoxunu talayıb, hərə bir tərəfdən müzeylərin və sarayların əmlakını mənimsəməyə. Varlıları soydular, bir çoxlarını məhkəməsiz edam etdilər və s. Nə isə, həmin edam olunanların birisi Pəri Bolənde (uzunboy Pəri) adlı bir xanım imiş. O, yetimxanadan (?) özünə bir oğulluq götürüb böyüdübmüş. Həmin oğlan gizlicə Pərini bəsicçilərə satıb. Qadını tutub məhkəməyə (!?) aparıb, bütün obyektlərini əlindən alıb, sonra edama məhkum ediblər. Pəri Bolənde “Qəsr” zindanında gözübağlı edam olunan vaxt: “Heç olmasa, mənim bilərziklərimi, boyunbağımı oğulluğuma verin, özünə xərclik eləsin” - deyə vəsiyyət etmişdi. Sən demə, ona «xilas gülləsi» vuran elə həmən oğulluğu imiş!. Belə dəhşətli və insan ürəyini kövrəldən işlər tez-tez ittifaq düşür. Nə isə, bunu demək istəyirdim ki, məcburiyyətdən bədənlərini satan xanımların bir çoxunun ürəyi hər kəsdən çox BAKİRƏdir. Buna arxayın olaq. Biz dəfələrlə daşqalağa məhkum olunmuş qadınların azadlığa buraxılmasına görə BƏYANAT vermək tələbi ilə müxtəlif təşkilatlara müraciət etmişik. Bəziləri soruşur: ”Onlar əxlaqsız deyildi?” Axı rəhmətliyin övladı, tutalım əxlaqsız olublar. Kim bilir, nədən bu yola düşüblər?! Kim bilir əri narkoman olan, könülsüz, zorla ərə getmiş və s. bir qadının dərdini? Qəribə, dəhşətli bir dünyada yaşayırıq!

Bir gün İsa peyğəmbər yoldan keçirmiş, görür, bir qadını daşqalaq etmək istəyirlər. Yaxınlaşıb özü də bir daş götürür. Sonra ətəklərinə daş dolduranlara baxıb deyir: ”Hər kimin etdiyi günahlar bu qadınınkından azdırsa, daşlasın”. Daşlar bircə-bircə əllərdən, ətəklərdən yerə tökülür...

Saturday, June 23, 2007

Uşaqların edamını dayandırın!

Uşaqların edamını dayandırın!


Keçən aylar baş verən hüquq pozuntluları İranın ədliyyə sisteminin mahiyyətini bir az da aydınlaşdırdı. Dünən BMT öz bəyanatında İran rejimindən yaşı 18-dən aşağı olan şəxslərin edamına son qoymağı tələb etdi.

2004-cü ildən indiyədək əldə etdiyimiz məlumata əsasən, İranda 17 yeniyetmə qanunsuz olaraq edam edilib. Onların bəzisinin cəmi 15 yaşı varmış. 1975-ci ildə qəbul olunan beynəlxalq konvensiyanın 5-ci bəndinin 6-ci maddəsinə görə, yaşı 18-dən az olanları edam etmək qadağandır. Bu konvensiyaya İran da qoşulub. Orta Asiya Uşaq Hüquqları araşdırıcısı Klarisa Ben Kamyunun dediklərinə görə, İran dünyada uşaq edamı kimi biabırçılıqda birinci yeri tutur. Bu duruma tezliklə son qoymaq gərəkdir.
Rejim bu il də iki yeniyetməni - Seyid Məhəmmədrza Musəvi (16 yaşında) və Səid Qənbərzehi (17 yaşında) edam etdi. Hətta S.Qənbərzehin tutulmasından edamına qədər iki-üç həftə fasilə olub. 17 yaşlı bir gənc 2-3 həftənin içində özünü necə müdafiə edə bilərdi? Tehran ədliyyə rəisi Əlirza Avayi dəfələrlə deyib ki, İranda yeniyetmələr edam olunmur. Bundan başqa, Ana Qanunun 33-cü maddəsinə əsasən, yeniyetmələrin cəzası bir az yüngül kəsilməlidir. Qanunun 3 və 31-ci maddəsi tələb ki, yeniyetmələrə əbədi həbs və edam əvəzinə 2-8 il həbs cəzası verilsin. K. Kamyu əlavə edib: “İrana bu qeyri-insani cəzanı dayandırmaq üçün fürsət verilib”. Bunu da mən, yəni O.Təbrizli əlavə edim ki, dünyada yalnız İran, Çin, Sudan və Pakistan yeniyetmələri edam edir. 2005-ci ildə Sudanda 2, Çin və Pakistanda 1 yeniyetmə edam olunub. İranda isə 2004-cü ildə ən azı 3, 2005-ci ldə 8, bu il isə indiyədək 4 yeniyetmə edam olunub.
Aldığımız xəbərlərə görə, ən azı 43 nəfər yeniyetmə edama məhkum olunub, öz edamlarını gözləyirlər. Eşitdiyimə görə 17 yaşlı Rza Əlinejad adlı oğlan və eyni yaşda olan Nazənin xanım da bunların içindədir. Biz dəfələrlə bu iki gəncin bəraət qazanmasına cəhd göstərmişik - xüsusilə Nazənin xanımın. Onun əhvalatı belə olub. Demək, Nazənin gecə vaxtı şəhər kənarında «bəsicçi» adlanan könüllü orqan işçiləri tərəfindən zorlanır. Özünü müdafiə edən Nazənin biçaqla bəsicçilərin birisinə xəsarət yetirib. Yaralı xəstəxanaya aparılıb, ancaq orada keçinib. Özünü müdafiə edən Nazənin isə ədalətsiz ədliyyə tərəfindən edama məhkum olunub - ölümünü gözləyir. Bu, dəhşətin son dərəcəsidir. Axı necə ola bilər?! Nazənin öz namusunu qoruduğu üçün 17 yaşı tamam olmamış edama məhkum edilib. Budurmu ədalət, budurmu demokratiya, budurmu azadlıq? Heç islam respublikasında da belə vəhşət olarmı?!
Mən bu günlər İranla bağlı verilən bir çamadan bəyanatın hamısını diqqətlə oxuyuram. Qəribə burasıdır ki, bu bəyanat müxtəlif mövzularda, çeşidli məsələlərlə əlaqədar verilib. Yəni həmin məqalədə toxunduğum mövzuda yalnız bir bəyanat görmüşəm. Bax gör, bu rejimin kölgəsində... bağışla, qaranlığında daha nə cinayətlər baş verir?!
Bir rejim 15 yaşında uşağı dara çəkməklə hansı bir siyasəti həyata keçirir? Yaxud nəyin peşindədir? - TERROR. Bu kəlmənin geniş mənası var. Terror, yəni QORXUTMAQ. İran rejimi milləti çox pis bir durumda qorxudur, susdurur və hər gün yeni-yeni qətllər törədir

Thursday, June 21, 2007

Sındırın qızlar, sındırın qızlar

Sındırın diktaturanın belini
İran rejimi bugün istəyir ki, iki nəfəri daşqalaq eləsin. Mükərrəmə İbrahimi və onunla cinsi əlaqədə ittiham olunan bir kişi. Bu hələ burda qalsın, yenə bu mövzuya qayıdarıq. Mən Adəm peyğəmbərin zamanından (o zaman sizin yadınıza gəlməz, mənimsə heç yadıma gəlməz) indiyədək demişəm və qiyamətə qədər də deyəcəyəm ki, qadınlar İran totalitar rejiminin Axilles dabanıdır. Diktator molla rejiminin gününü göy əskiyə bükən onlar olacaq, vəssalam!
Tez-tez İranda insan hüquq müdafiəçiləri ilə danışıram. Çox dəhşətli bir durum yaranıb. Çoooox! Insan haqlarının pozulması ilə əlaqədar aldığım statistikalar bir az təəssüfedici, bir az əsəbiləşdirici və bir az da ümidpozucudur. Keçən ayın içində verilən statistikalara əsasən, hazırda 100 mindən artıq siyasi fəal həbsxanalarda saxlanılır, 21 jurnalist tutulub, 201 tələbə müxtəlif ağır cəzalara məruz qalıb, keçən il 117 nəfər edam olunub və sair və ilaxır. Hələ mən detalları ortalığa qoysam, bəlkə, kötük qalınlığında bir jurnal əmələ gələr. Kriminal jurnal! Əslində, ilk baxışda belə görünür ki, bizi göylərə qaldıran yeganə şey dar ağacıdır. Niyə? 2003-cü il qadın hüquq müdafiəçisi Zəhra Kazimi «Ettelaat»ın həbsxanasında o qədər işgəncələrə məruz qaldı ki, öldü. Hə, öldü! Sonra Röya Tülui həbsxanada cinsi təcavüzlərə məruz qaldı və ... elə o zaman biz molla rejiminin “Fatihə”sini oxuduq. Elə də oldu. İranda “Bir milyon imza” kampaniyası işə başladı. 2006-cı il iyunun 12-də Tehranın “Həfte-tir” xiyabanında aksiyalar keçirildi. 121 qadın hüquq müdafiəçisi tutuldu, 1 milyon dollardan artıq maliyə zəmanəti qoyuldu. 14 nəfərə şərti cəza, 9 nəfərə azadlıqdan məhrum etmə cəzası verildi. Hazırda mindən artıq qadın hüquq müdafiəçisi agentliklər, informasiya silahı ilə rejimi darmadağın edir. İndi yaxşı təsəvvür edə bilərsiniz ki, nədən “hicab planı” tədbiri keçən aylarda həyata keçirildi?
Indi qayıdaq daşqalaq məsələsinə. Mən sizə demişdim ki, molla rejimi beynəlxalq təşkilatlara və millətə verdiyi sözlərə rəğmən, hələ də daşqalaq cəzasının icra olunmasında israrlıdır. Molla rejimi öz yalançı, antidemokratik, simasız, terrorist xarakterini yenə də nümayiş etdirir. Samirə şəhərindəki partlayışlar müsəlmanlar arasında ABŞ və Avropaya nifrət yaratdı. Hətta Azərbaycanda nardaranlılar da bu ölkələrin və İsrailin bayraqların yandırdılar. Sonra İraq rəsmiləri faktları üzə çıxarıb məsələni faş etdilər: bu partlayış İran «Ettelaat»ının işi imiş.
Bu molla rejiminin ağına-bozuna baxmaq olmaz. İran casusları - xarici ölkələrdə insanları aldadıb, rejimin guya humanist olduğunu, islami olduğunu deyənlər artıq sussalar yaxşıdır. Molla rejimi indiyəcən əsrlər boyu heç bir hakimiyyətin eləmədiyi cinayətləri həyata keçirir.
İndi təsəvvür edin ki, dünənə kimi daşqalaq cəzasının icra olunduğunu danan rejim bugün aşkarcasına bu qeyri-insani cəzanın icrasına hökm verib. Rejimin siyasəti dünyanı aldatmaqdır. İran millətini aldatdı, qonşu ölkə müsəlmanlarını aldatdı, amma başqa ölkələri aldatmaq elə də asan iş deyil. Biz molla rejiminin cinayətlərini məzələnə-məzələnə satirik yazılarla ifşa etdik. Sizinlə məzələndim, bəlkə də, sizi güldürdüm. Amma içimdə ağladım, ağladım vallahi...