Monday, July 9, 2007

Əsəbi millətin kef axtarışı

İran və Azərbaycanın qadınları bir yana, kişiləri də bir-birinə günü kimi baxır. Hamının səbr kasası, bağışla, səbr quyusu aşıb-daşır. Heç bir vətəndaşda kimsəni dinləməyə hal-əhval qalmayıb. Mən dəfələrlə ABŞ, yaxud avropalıların münasibətlərinə, davranışlarına və gülümsəmələrinə fikir vermişəm. Hər zaman özgələrə xoş əhval-ruhiyyə bağışlamağa can atırlar. Amma biz!

Sadəcə, bir misal gətirim. Bulvarda oturan qız və oğlanlara diqqətlə baxsanız, görərsiniz ki, qız başını oğlanın çiyninə qoyub, gözlərini yumaraq saatlarla trajik bir status yaradaraq dayanır. Həmişə bir saat gecikir, ağlayır, nə bilim, gileylənir. Bizlər başqalarının xoş əhval-ruhiyyəsini pozmaqda ustayıq. Üstəlik, belə bir davranışla istəklərimizə nail oluruq. Bizlər üstüörtülü danışmağa meylliyik. Aşkarlıq, aydınlıq və səmimiliyə büsbütün biganəyik. Bizim şəxsi ərazimiz ürəyimizin içi böyüklükdədir. Uşaq doğulandan sonra valideynindən yalan danışmağı, qeyri-səmimi olmağı və ikiüzlülüyü öyrənir. Şərqli kişi həmişə gecə vaxtı çıraqları söndürüb zil qaranlıqda, gözləri heç nəyi görmədən qadınla yatmağı sevir. Yəni həmişə gizli olmaqda və gizli qalmaqda maraqlıdır. İran qadınlarının 82%-i ruhi xəstəliklərlə əlbəyaxadır. Azərbaycan qadınının döyülməsi adi haldır. Hamının dərdi qarnında xülasə olur. Azərbaycanda 4 sifətin, ümumiyyətlə, mənası yoxdur: intellektual, şok, normal, müxalif (tənqidçi). Hamı birincilər sırasına təpilir. Məsələn, jurnalistika sahəsində çalışan reportyor bir az, köşə yazarı ondan çox, bədii əsərlər müəllifi daha çox və müğənnilər büsbütün iddia sahibləridirlər. Guya ölkəyə kimsə bunlardan artıq xeyir vermir. Qonorar sisteminin jurnalistikası hamının biliyini okean boyda, amma barmaq dərinliyində eləyib. Hamı özünün başı çıxmayan, amma yazıb tənqid etdiyi mövzulardan əsəbiləşir. Biz özgələr bir yana, öz içimizdən gələn səslərdən və istəklərdən də imtina edirik. Tənqid! Eh, bu söz büsbütün sırtılıb. Pisi tənqid, yaxşını tənqid! Yadıma gəlir, azanın səsgücləndiricilər vasitəsi ilə verilməsinə qadağa qoyulmuşdu. Əleyhinə olanlar da bu tədbiri tənqid edərək, yazılarının başına “Şok xəbər” sözünü əlavə etmişdilər. Yaşayışla döyüşmək, savaşmaq və mübarizə etmək zor işdir, amma onunla yola gəlib birtəhər barışmaq, əsəbiləşmədən tədbirlər həyata keçirmək daha da zordur. Mən özümü Şərq ruhlular sırasına qataraq bunu da əlavə etmək istəyirəm ki, biz heç kimlə normal əlaqə yaratmağı, dil tapmağı və münasibət qurmağı bacarmırıq. Özümüzlə, ailəmizlə, dostlarımızla, tanışlar və başqa insanlarla əlaqə yaratmaqda çətinlik çəkirik. Hamıdan imtina edirik. Əli Kərimlinin keçən həftə “Alma” qəzetinə verdiyi müsahibəni oxudum. Müsahibəni alanın sarsıdıcı sualları Ə.Kərimlidən qabaq mənim əsəblərimi tarıma çəkirdi. Bu qədər də mənfi baxışlı, müxalifətlə müxalif mövqe tutan bir müsahibəçi ola bilərmi? Dəhşətdir. Dövlət idarələrində durum daha da gərgindir. Heç kimin səbri, hövsələsi çatmır. Sən dövlət işçisinə dilinlə, gözlərinlə, əllərinlə, qaşların, baxışların və büsbütün vücudunla danışıb, problemini izah etmək istəyirsən, amma o, masasının üstünə tökülmüş bir qalaq kağız, qovluq və sənədin içində eşələnir. “Hə, sən danış, qulağım səndədir” deyib qulağını, burnunu qaşıyır. Səni əsəbiləşdirmək üçün.