Friday, July 6, 2007

Etiraf edirəm

Beni kaç kere dövdüler, adını söylemedim
Ahmet Kaya
Bir neçə gündür, ürəyimə damıb ki, ömrümün sonu çatıb. Mənim ürəyim heç zaman yalan danışmaz. Buna görə təcili şəkildə bir para tədbirlər həyata keçirmişəm. Birincisi, tövbələyib, qüsl eləmişəm. Səhər-səhər tülkü durmazdan ayağa qalxıb, günortayadək namaz qılır, bir tikə quru çörək sulayır, əsir əsgərin iştəhası ilə yeyib, yenə də namaz qılıram. Bağışla, yadımdan çıxmışdı. Mən bu günlər, ümumiyyətlə, oruc tuturam. Bəli, bəli. Heç nə yemirəm. Cızma-qaralarımdan aldığım qəpik-quruşu da Afrikanın aclarına ehsan edib, nəzir demişəm. Əlbəttə, fəqət musəlman ölkələrdə yaşayan aclara. (Onsuz da, aclıq yalnız musəlmanlara məxsusdur). Hamıdan önəmlisi efiraf planımdır. Bəli, bəli. Ulu babalarımızdan əsirlər və nəsillər boyu “Etiraf” adlı genetik xəstəlik mahiyyətini dəyişmədən yoluxub, nəhayət, mənə çatıb.
Indiyədək məni bir neçə dəfə “Ettelaat”a aparıb, döysələr də, heç nəyi boynuma almamışam. Axı mən onda əsl musəlaman deyildim! Amma indi etiraf edəcəyəm. Bütün gördüyüm və görmədiyim işləri boynuma alacağam. Cinayət Məcəlləsinin bütün bəndləri, maddələri istisnasız mənim cinayətlərimə tətbiq olunacaq və ilaxır. Keçən il Təbrizin “Ettelaat” təcridxanasında gözlərimi bağlayıb, dar bir dalanda gecəni səhərədək o yan-bu yana dolandırdılar. Iki addım atırdım, deyirdilər: ”Dön sağa”. Üç addım atırdım: ”Indi də sola” - deyə səhərədək sinirlərimi pozurdular. Sonra “karser”ə saldılar. Yuxusuz olsam da, qışın günü sulu döşəmənin üstündə uzanmaqdan çəkindim. Axşamacan ayaqüstə durdum. Axşam yenə də istintaq otağına aparıldım. Müstəntiq “Bismillahir-rəhmanir-rəhim” deyib, dərhal ana-bacımı söyməyə başladı. Mənim isə gülməkdən az qala ürəyim ağzıma gəlmişdi. Qalxıb qulağımın dibinə bir şapalaq qoydu: “Qeyrətsizin birisi, adamın namusuna söyüləndə hırıldamaz!” - deyə paltarlarımı soyunmağı tələb elədi. Əynimdə bir nazik şortikdən başqa heç nə qalmadı. Sonra məni “Ettelaat”ın həyətinə ötürdülər. Şaxta-küləkdən donsam da, tərpənmədən düz yerimdə dayandım. Qısası, 4 gün saxldılar, sonra buraxdılar. Hələ də bilmirəm, məni nəyə tutmuşdular!? Yaxud, nəyi etiraf etməyi tələb edirdilər?! Bir dəfə soruşdum: ”Nəyi etiraf edim?” Dedilər: “Hər nə bilirsən”. Mən də başladım Şopenhauer, Nitsşe, Kant, Heydegger, Puper, Rassel, Mişel Butur, Vitginiştayn və digər filosoflardan hər nə bilirdim, danışdım. Sonunda T.S.Eliotun məşhur şah əsəri “Bayır ölkə”ni (Waste land) ingiliscə oxumağa başladığım zaman böyrumdə duran məmur barmağı ilə beyninə işarə edib, müstəntiqə dedi: ”Əşşi, bu gic...di”. Sonra üzünü mənə sarı çevirib: ”Bu şarlatanların yerinə bir az da Quran oxuyub, qiyamətdən qorx” - dedi. 4 səhifəlik, qiyamət haqda yazılmış “Nəbə” surəsini ərəbcə oxumağa başladım.
Müstəntiq:
- Neçə yaşın var, musəlmansan?”
- 25. Müsəlmanam.
- Quranı haçan əzbərləmisən?
-14 yaşıma qədər. Bütünlüklə əzbər bilmirəm.
- Ərəb və ingiliscədən başqa hansı dilləri bilirsən?
- Sizdən başqa bütün millətlərlə dil tapmağa qadirəm.
Bunu deyəndən sonra acığından mənimlə farsca danışdı. Mən isə məcburiyyətdən həmən dildə cavab verdim.
- Indiyəcən hansı xarici ölkələrə getmisən?
- Heç yerə.
Bir az fikirləşib:
- Əgər xarici ölkələrin birisinə addımını qoysaydın, səni casusluq ittihamı ilə özüm kəfənləyərdim” - deyib əlavə etdi - Bu neçə dil bilən heyvanın (filan yerindən) 5 kiloluq daş asın, kimlərə ... verdiyini də etiraf edər”.
Sonra başını bulaya-bulaya ayağa qalxıb getdi. Nə isə... Orada etmədiyim etirafi indi edirəm: “O adam özüməm”.
Əl-fatihə...

Babək qalası

Yürüşlərdən xatirələrim

Hər il bu zamanlar Güneylilər Babək Xürrəminin doğum günü münasibətilə Bəzz qalasında təntənəli mərasim keçirir. Bu mərasimlərdə hər zaman iştirak etsəm də, heç birisi 2000-ci ilin yürüşü kimi təntənəli olmadı. 100 minə yaxın adamın arasına iynə salsaydın, yerə düşməzdi.

Keçən il «Ettelaat»ın hədə-qorxularına rəğmən, yenə də qalaya gedən az olmadı. Gecəyarısı, saat 3-də bir avtobus dolu milli fəal Təbrizdən qızlı-oğlanlı Kəleybər kəndinə sarı yola düşdük. Əvvəlcə Təbrizin yol polis postunda yoxlamaq bəhanəsi ilə avtobusu dayandırdılar. Neçə nəfər saqqallı mülki libasda, əllərində çomaq avtobusa keçib, hər şeyi, hamını yoxladılar. Çantaları açıb yerə tökdülər, Sevinc xanımın qucağındakı 6 aylıq körpənin bələyinədək açıb yoxladılar. Kim bilir, birdən bayraq və ya məxfi vərəqə gizlətmiş olar. Əlbəttə, həmişə olduğu kimi, özümlə Güney Azərbaycanın bayrağını götürüb gizlətmişdim. Harda? Bu dəfə də yuyucu tozun içində. Ülgüclə ağzını kəsdiyim yuyucu tozun qabını yapışqanla çox təmiz yapışdırmışdıq. Heç nə bəlli olmurdu, sankı fabrikdən indicə çıxıb. «Ettelaat» məmurlarının birisi üzünü mənim dostum Bəhmənə sarı tutub: ”Hara gedirsiniz?” – deyə soruşdu.
Tez dedim: ”Toya gedirik. Əhər şəhərinə”. Üzünü çevirib gedəndə: “Eşşək özünsən” - dedi. Yəni bizim qalaya getdiyimizi bilirdi. Sonra yenə də yola düşdük, hər addımbaşında tez-tez avtobusu dayandırdılar. Nəhayət, Əhər şəhərinə çatdıq. Yol polis postunda yenə də avtobusu dayandırdılar. Bu dəfə bizdən evimizə qayıtmağı tələb etdilər. Sürücünün və bir neçə nəfərin şəxsiyyət vəsiqəsini əlindən aldılar. Polislərin birisi çox atılıb-düşürdü: “Məgər bilmirsiniz, qalada hərbi manevr keçirilir? Qayıdın düz evinizə sarı, haydı!”. Cansız bədəninin dirisini qapana qoysan, 40 kilo olmazdı! Etirazımızı görən məmurlar bizdən avtobusdan yerə enməyi tələb etdilər. Bircə-bircə hamının üstünü axtardılar. Mənim zarafatlarımdan əsəbiləşən «Ettelaat» məmuru əlimdən tutub, otağa apardı.
- Boşalt, üstündə nə var, boşalt.
- Mən dünən gecə boşalmışam, boşaltmalı bir şeyim qalmayıb.
Gicin birisi qabına nə saldığımı bilmədi. Nə isə, məcbur olduq maşından yenib, Kəleybər kəndinədək piyada 8 saat yol gedək. Getdik də, çatdıq da.
Doğrudan da, dəhşətli mənzərələr yaratmışdılar. Hər yer “Sipah”, “Bəsic”, «Ettelaat» məmurları ilə dolu idi. Qalanın altında, meşədə, düzənlikdə hərbi çadırlar yan-yana düzülmüşdü. Ətraf dağlarda RPÇ, top və digər ağır silahlar qondarılmışdı. Səsgücləndiricilərlə qulaqkaredici mərsiyələr, azan səsi, farsca hərbi marşlar və digər səslərlə beynimizi dağıtdılar. Harda çadır qurduqsa, gəlib əngəl oldular ki, yığışdırın. Bir neçə nəfəri tutdular. Olar-olmaz 100 nəfər idik. Nahardan sonra millətin izdihamı çoxaldıqda bir az ürəyimiz yerinə gəldi. Hamının kamerasını əlindən almışdılar. Əl telefonlarını da. Musiqi alətlərini də. Bəzən hətta radio və maqnitofonları da alırdılar. «Ettelaat» məmurları sağ-solumuzda gəzişir, çevrəmizdə vurnuxurdu. Axşamacan matəm tutmuşlar kimi əllərimiz qoynumuzda məmurların manevrə hazırlaşmasına tamaşa etdik. Qalaya girməyi də qadağan etmişdilər. Nəhayət, gecə oldu. Millət toplaşıb qurd kimi ulamağa başladı. Tonqallar yandırıldı. Bir rəqs qrupu meydanın ortasına keçib, çəpik səslərinin ritmi ilə gözəl rəqs ifa etdi. Sonra həmin qrup Babək Xürrəminin canlı teatrını nümayiş etdirdi. Tamaşaçılara göz qoydum. Hamı nəfəs dərmədən maraqla qulaq asırdı. Dəhşətə gələn kim, bəzən həyəcandan Babək rolunda oynayanın ağzından çıxan sözləri yenə də, yanında durana deyən kim, bəzən gözləri dolub, bəzən də sevinclə gülən kim?! Gecənin necə səhərə qovuşmağını heç kim duymadı. Səhər çağı dağ yolları ilə gizlicə gətirilən tar, nağarayla 3 rəqs qrupu meydanın ortasına keçdi. Amma hayıf olsun, keçən il bayrağı qalada dalğalandıra bilmədim...