Wednesday, June 27, 2007

Fahişələr də insandır

Fahişələr də insandır


Bu mövzu, bəlkə, çoxlarını qıcıqlandıracaq. Özlərini idealizə edib, dünyaya əxlaq və əxlaqsızlıq pəncərəsindən baxıb, qadınları fahişə və qeyri-fahişə deyə qruplara bölüb, heç nəyin dərininə varmadan fitva verənlər artıq sussalar yaxşıdır.

Mən hər gün qəzetlərdə oxuyuram, bu gün filan əxlaqsızlıq yuvası aşkarlandı, yaxud dünən filan körpünün ətrafında gəzişən fahişələr dağıdıldı. Tutalım, əxlaqsızlıq yuvaları dağıdıldı, bəs həmin fahişə adlandırdığınız insanlar bundan sonra nələrini satıb, necə qarınlarını doyuracaqlar? Kim onların qarnını, əynini, evini, bəlkə də, uşaqlarını sığortalayır? Onlara ictimai əngəl kimi baxmaq özü əngəl törədici bir mövzudur. Hər şeydən dəhşətli elə həmin pis baxmaqdır. Əgər pis baxırıqsa, əvvəlcə əxlaqsız kişilərə pis baxmalıyıq, qadınlara yox!
Yeri gəlmişkən, bunu da deyim ki, keçən həftə “İnqilabın pərdəsi arxasında” adlı bir kitabda baş terrorçulardan biri olan Hüseyn Burucerdinin etiraflarını oxuyub maraqlandım. Demək, inqilab ərəfəsində, Mehdi Bazərganın müvəqqəti dövlətə başçılıq etdiyi zaman mollaların hərəsi özünə bir bəsicçi komitə yaradıb, başlayıblar qanunsuzcasına millətin var-yoxunu talayıb, hərə bir tərəfdən müzeylərin və sarayların əmlakını mənimsəməyə. Varlıları soydular, bir çoxlarını məhkəməsiz edam etdilər və s. Nə isə, həmin edam olunanların birisi Pəri Bolənde (uzunboy Pəri) adlı bir xanım imiş. O, yetimxanadan (?) özünə bir oğulluq götürüb böyüdübmüş. Həmin oğlan gizlicə Pərini bəsicçilərə satıb. Qadını tutub məhkəməyə (!?) aparıb, bütün obyektlərini əlindən alıb, sonra edama məhkum ediblər. Pəri Bolənde “Qəsr” zindanında gözübağlı edam olunan vaxt: “Heç olmasa, mənim bilərziklərimi, boyunbağımı oğulluğuma verin, özünə xərclik eləsin” - deyə vəsiyyət etmişdi. Sən demə, ona «xilas gülləsi» vuran elə həmən oğulluğu imiş!. Belə dəhşətli və insan ürəyini kövrəldən işlər tez-tez ittifaq düşür. Nə isə, bunu demək istəyirdim ki, məcburiyyətdən bədənlərini satan xanımların bir çoxunun ürəyi hər kəsdən çox BAKİRƏdir. Buna arxayın olaq. Biz dəfələrlə daşqalağa məhkum olunmuş qadınların azadlığa buraxılmasına görə BƏYANAT vermək tələbi ilə müxtəlif təşkilatlara müraciət etmişik. Bəziləri soruşur: ”Onlar əxlaqsız deyildi?” Axı rəhmətliyin övladı, tutalım əxlaqsız olublar. Kim bilir, nədən bu yola düşüblər?! Kim bilir əri narkoman olan, könülsüz, zorla ərə getmiş və s. bir qadının dərdini? Qəribə, dəhşətli bir dünyada yaşayırıq!

Bir gün İsa peyğəmbər yoldan keçirmiş, görür, bir qadını daşqalaq etmək istəyirlər. Yaxınlaşıb özü də bir daş götürür. Sonra ətəklərinə daş dolduranlara baxıb deyir: ”Hər kimin etdiyi günahlar bu qadınınkından azdırsa, daşlasın”. Daşlar bircə-bircə əllərdən, ətəklərdən yerə tökülür...