Thursday, June 21, 2007

Sındırın qızlar, sındırın qızlar

Sındırın diktaturanın belini
İran rejimi bugün istəyir ki, iki nəfəri daşqalaq eləsin. Mükərrəmə İbrahimi və onunla cinsi əlaqədə ittiham olunan bir kişi. Bu hələ burda qalsın, yenə bu mövzuya qayıdarıq. Mən Adəm peyğəmbərin zamanından (o zaman sizin yadınıza gəlməz, mənimsə heç yadıma gəlməz) indiyədək demişəm və qiyamətə qədər də deyəcəyəm ki, qadınlar İran totalitar rejiminin Axilles dabanıdır. Diktator molla rejiminin gününü göy əskiyə bükən onlar olacaq, vəssalam!
Tez-tez İranda insan hüquq müdafiəçiləri ilə danışıram. Çox dəhşətli bir durum yaranıb. Çoooox! Insan haqlarının pozulması ilə əlaqədar aldığım statistikalar bir az təəssüfedici, bir az əsəbiləşdirici və bir az da ümidpozucudur. Keçən ayın içində verilən statistikalara əsasən, hazırda 100 mindən artıq siyasi fəal həbsxanalarda saxlanılır, 21 jurnalist tutulub, 201 tələbə müxtəlif ağır cəzalara məruz qalıb, keçən il 117 nəfər edam olunub və sair və ilaxır. Hələ mən detalları ortalığa qoysam, bəlkə, kötük qalınlığında bir jurnal əmələ gələr. Kriminal jurnal! Əslində, ilk baxışda belə görünür ki, bizi göylərə qaldıran yeganə şey dar ağacıdır. Niyə? 2003-cü il qadın hüquq müdafiəçisi Zəhra Kazimi «Ettelaat»ın həbsxanasında o qədər işgəncələrə məruz qaldı ki, öldü. Hə, öldü! Sonra Röya Tülui həbsxanada cinsi təcavüzlərə məruz qaldı və ... elə o zaman biz molla rejiminin “Fatihə”sini oxuduq. Elə də oldu. İranda “Bir milyon imza” kampaniyası işə başladı. 2006-cı il iyunun 12-də Tehranın “Həfte-tir” xiyabanında aksiyalar keçirildi. 121 qadın hüquq müdafiəçisi tutuldu, 1 milyon dollardan artıq maliyə zəmanəti qoyuldu. 14 nəfərə şərti cəza, 9 nəfərə azadlıqdan məhrum etmə cəzası verildi. Hazırda mindən artıq qadın hüquq müdafiəçisi agentliklər, informasiya silahı ilə rejimi darmadağın edir. İndi yaxşı təsəvvür edə bilərsiniz ki, nədən “hicab planı” tədbiri keçən aylarda həyata keçirildi?
Indi qayıdaq daşqalaq məsələsinə. Mən sizə demişdim ki, molla rejimi beynəlxalq təşkilatlara və millətə verdiyi sözlərə rəğmən, hələ də daşqalaq cəzasının icra olunmasında israrlıdır. Molla rejimi öz yalançı, antidemokratik, simasız, terrorist xarakterini yenə də nümayiş etdirir. Samirə şəhərindəki partlayışlar müsəlmanlar arasında ABŞ və Avropaya nifrət yaratdı. Hətta Azərbaycanda nardaranlılar da bu ölkələrin və İsrailin bayraqların yandırdılar. Sonra İraq rəsmiləri faktları üzə çıxarıb məsələni faş etdilər: bu partlayış İran «Ettelaat»ının işi imiş.
Bu molla rejiminin ağına-bozuna baxmaq olmaz. İran casusları - xarici ölkələrdə insanları aldadıb, rejimin guya humanist olduğunu, islami olduğunu deyənlər artıq sussalar yaxşıdır. Molla rejimi indiyəcən əsrlər boyu heç bir hakimiyyətin eləmədiyi cinayətləri həyata keçirir.
İndi təsəvvür edin ki, dünənə kimi daşqalaq cəzasının icra olunduğunu danan rejim bugün aşkarcasına bu qeyri-insani cəzanın icrasına hökm verib. Rejimin siyasəti dünyanı aldatmaqdır. İran millətini aldatdı, qonşu ölkə müsəlmanlarını aldatdı, amma başqa ölkələri aldatmaq elə də asan iş deyil. Biz molla rejiminin cinayətlərini məzələnə-məzələnə satirik yazılarla ifşa etdik. Sizinlə məzələndim, bəlkə də, sizi güldürdüm. Amma içimdə ağladım, ağladım vallahi...