Friday, June 8, 2007

Bizə təcili dəstək gərəkdir




İranda daşqalaq cəzası hələ də aktual olaraq qalır. Mən “Bizim Yol”un 10 aprel tarixli nömrəsində İranda tətbiq edilən daşqalaq cəzası, bu qeyri-insani cəza növünün qurbanlarının siyahısı və qadın hüquq müdafiəsi təşkilatlarının buna reaksiyalarına dair qısaca məqalə yazdım. Amma nə fayda? Molla rejiminin yenə də bir günahsız qadını daşqalaq etmək niyyəti barədə hüquq müdafiəçiləri xəbər tutublar. Bu rejim İranda hakimiyyəti əlinə keçirəndən sonra, elə gün olmur ki, edam, daşqalaq, terror, fiziki işgəncələr, şallaq vurmaq, göz çıxarmaq, bilək kəsmək və digər qeyri-insani cəzalar və cinayətləri müşahidə etməmiş günümüzü axşam edək.
Bu cinayətlərin ən rüsvayçı növü olan daşqalağın növbəti qurbanı bu dəfə, ömür boyu həqarətlərə və zorkılıqlara məruz qalmış Kübra adlı kürd qadındır. Kübra xanımın dediklərinə əsasən, valideynlərinin təzyiqi ilə istəmədiyi şəxsə ərə getmək məcburiyyətində qalıb. Kübra xanım 4 uşağın anası olub. Narkoman əri onu başqa kişilərə satır, üstəlik, bu cinayəti öz gözləri ilə müşahidə etməkdən də çəkinmirmiş. Kübra deyir ki, onu ən çox təhqir edən ərinin kişilərlə yatdığı zaman ona tamaşa etməsi imiş. Dəfələrlə ərinə deyibmiş ki, bundan sonra satılmağı ilə razılaşmayacaq. Amma hər dəfə əri onu hədələyirmiş ki, uşaqları əlindən alacaq. Kübra nəhayət, Həbib adlı bir kişi ilə tanış olur. Həbib onun müştərilərindən birisi imiş. Kübranın başına gələnləri öyrənəndən sonra onun ərini öldürür. Məhkəmədə Həbib qanpulu ödəyib azadlığa buraxılır, ancaq Kübra zina ittihamı ilə DAŞQALAQ cəzasına məhkum edilir. Molla rejimi artıq neçə illərdir ki, daşqalağa son qoyduğunu iddia edir. Amma müşahidələrimiz bambaşqadır. Biz 17 yaşlı Nazənin adlı qıza kəsilmiş daşqalaq cəzasının icra olmasının qabağını ala bilmədik. Habelə qadın hüquq müdafiəçiləri, könüllü vəkillər fondu və s. də heç bir iş görə bilmədi. Güneyin Culfa şəhərindən olub eyni cəzaya məruz qalmış Haciyə İslamvənd öz günahsızlığını 7 ildən sonra sübut edib, azadlığa buraxıldı. Amma hələ də könüllü vəkillər fondunun daşqalaq cəzasına məruz qalanlardan əldə edə bildiyi siyahının 12 nəfərinin taleyindən xəbərsizik. Bunu da əlavə edim ki, bizim əldə etdiyimiz statistika natamamdır. Hələ neçə-neçə adam eyni cəza ilə həbsxanalarda öz vaxtını gözləyir. Amma molla rejimi bu informasiyaları gizlədir. ŞİRİN İBADİnin (qadın hüquq müdafiəçisi, Nobel sülh mükafatı alıb) dediyi kimi, İran kimi bir qapalı rejimdə hər bir gizli - özbaşına iş görülə bilər, ancaq o qədər qaranlıq bir mühitdə yaşayırıq ki, heç bir informasiya əldə edə bilmirik. 2000-ci ildə İran rejimi daşqalağa son qoyduğunu dedi. Amma 2004-cü ildə Məşhəd şəhərində Məhbubə M. və Abbas N.-in daşqalaq olunmasını könüllü vəkillər fondu ifşa edə bildi. Maraqlısı budur ki, molla rejimi onların edam edildiyini bildirmişdi, daşqalaq edildiyini yox! İndi təsəvvür etmək olar ki, neçə nəfər edam əvəzinə DAŞQALAQ olunub və bundan kimsə xəbər tutmayıb. Qadın hüquq müdafiəçiləri daşqalaq cəzasına məruz qalmış 12 nəfərin siyahısını ifşa etdi: V.Xeyriyyə, A. İran, A. Pərisa, N. Kübra, Şəmamə Qurbani, H.İsmailvənd (azadlığa buraxılıb), Suğra Mollayi, Əşrəf Kolhəri, Fatimə (bu qadın Tehranda naməlum bir həbsxanada saxlanılır), Zəhra Rizayi, A.Nəcəf və Abdullah Fərivər. Biz hüquq müdafiəçilərinə, BMT-yə, başqa müvafiq təşkilatlara müraciət edib təcili dəstəklərini xahiş edirik.






Xatəmi də ölüm fitvası verirmiş!

Xatəmi də ölüm fitvası verirmiş!
Hamımız bilirik ki, hava isinəndə hər şey şişər. Bunu bilməyin Güneyli, yaxud Quzeyli olmağa dəxli yoxdur. Elə afrikalıdan da soruşsan, bunu bilir. Məsələn, dəmir qapını bağlayanda qapı çərçivəyə sürtüşür. Adamın fiziki üzvləri də habelə.
Aaaaaaaaa, səhv başa düşmə! Söhbət başqa zaddan gedir. Bax, məsələn, biləyin damarları şişir və ilaxır. Amma görəsən, insanın qürurunun şişməsinin də havanın istiləşməsinə dəxli varmı? İndi soruşarsınız ki, niyə bu sözləri deyirəm? Hə... qulaq asın, ərz edim.
İran rəsmiləri getdikcə öz mahiyyətini üzə çıxarır. Molla rejiminin keçmiş prezidenti Məhəmməd Xatəmi ölkə-ölkə gəzib “mədəniyyətlər arasında barışıq” şüarını bağıra-bağıra terrorist molla rejiminə abır qazandırmağa xeyli can atdı. Nə isə, heç bir şey əldə edə bilməyib, yenidən əlləri ətəyindən uzun ölkəmizə qayıtdı. Bildiyim qədər, bizim yeganə azadlıq vədəsi ilə prezident seçkilərində iştirak edən prezidentimiz M.Xatəmi idi. Əlbəttə, o, öz vədini həyata keçirməkdə heç bir qüsura yol vermədi. Həqiqətən, tam azadcasına danışmaq və yazmaq imkanı yarandı. Amma bu azadlıq sığortası danışıb, yaxud yazana qədərmiş. Ondan sonrasını kimsə sığortalamadı. Bu azadlıqdan istifadə edənlər hələ də həbsxanalardan qurtula bilməyib. “Zəncirvari qətllər” başlandı, nə başlandı! 22 milyon iranlı bu mollanın azadlıq vədinə aldanıb, ona səs verdi. Mən dəfələrlə dedim ki, mollanın... bağışlayın, ilanın ağına da lənət, qarasına da. Ancaq mən deyib, mən eşitdim! İndi “İranpresnyus” agentliyindən verilən məlumata görə, görürəm ki, bu demokratik molla hicab məsələsi ilə əlaqədar tutulan oğlan-qızlara “obaş» (farsca oğraş deməkdir) adı verərək, onların hamısının edam olunmasını tələb edib!. İranda özünü tərbiyəli və mədəniyyətli göstərən yeganə mollamızın ağzından belə bir sözün çıxmasına gözlərimiz bərəlib, dilimiz eşiyə çıxdı! Nə isə...
Mahmud Əhmədinejad da bekar oturmayıb. Təzəlikdə yenə də İzrail hakimiyyətini yer üzündən siləcəyini bildirib. Bunu da deyim ki, Mahmudun gödək boyluluğuna baxmayın, onun boyunun yarısı da yerin altındadı. Siz harasını görmüsünüz hələ?! Əgər bəsirət gözünüz olsaydı, onun necə “yığcam pəhləvan” olduğunu görərdiniz. Özü tək canına İzraili məhv edə bilər, amma hayıf ki, başı nüvə silahına qarışıb, yoxsa göstərərdi ki, bu mərəkənin pəhləvanı kimdir!
İran rəsmilərindən baş çıxarmaq çətindir desəm, haqq verin. Bir az qəliz məsələdir. Milli fəal dostum Hüseyn Fərhudəni «Ettelaat»a aparıb o qədər işgəncə veriblər ki, ayaq üstə dura bilmir. Sonra Hüseyni edama məhkum ediblər. Bir az da qabaqdan gəlmişlik edib, onun ailəsinə xəbərdarlıq ediblər: ”SAKIN KİMSEYE KONUŞMA”. Başqa milli fəalımızı tutub, o qədər döyüblər ki, iflic olub. Birisinin də belinin onurğa sütununu sındırıblar. Yenə də onların ailələrinə tapşırıq veriblər ki: ”hisssssssssssss!” .
Keçən günlər Xomeyninin ölümünün ildönümü idi. O zaman təxminən, 7 yaşım olardı. Səhər-səhər anam məni döyə-döyə zorla yuxudan oyadıb məktəbə göndərdi. Yolda uşaqların evlərinə qayıtdıqlarını görüb təəccübləndim. O gün məktəbdə tətil olması xəbərini bilən uşaqlar sevindiklərindən yerə-göyə sığmırdılar. Biri qalxıb yanındakına şıllaq atır, o birisi kitablarını göydə yelləndirirdi. Mən də qaça-qaça göyə sıçrayıb qarşımdan gələn məktəb yoldaşıma şıllaq ataraq rəsmən bu şənliyə qarışdığımı elan elədim. Evə qayıdanda gülər üzümü görən anam soruşdu: ”Hə... a zalımın gədəsi, nə olub? Yenə də dünyanı başına götürmüsən?”
- Xomeyni ölüb! Məktəbdə tətildir - dedim.
Anam şəhadət barmağını ağzının qabağına tutub ”hisssssssss” deyə-deyə mənə yaxınlaşdı, bir sağına, bir soluna baxıb: ”Adamın dərisini soyarlar ha...” söyləyib, yadımda yaxşıca qalsın deyə, qulağımın dibinə bir şapalaq da qoydu. Elə o gündən yadımda qaldı ki, heç vaxt, heç yerdə, heç kimə, heç....




İranda islami bar, öz dilimizdə desək, pulsuz siğə


Molla rejimini pisləyənin atasına lənət! Biz doğru-dürüst adamlar deyilik, ola da bilmərik. Niyəsi bəllidir: ADAM deyilik ki! Molla rejimi beş barmağını bala basıb, ağzımıza da soxsa, qayıdıb dişləyəcəyik! Məsələn, İranı abadlaşdırıb, indi isə dünyada ədalət bərpa etmək niyyətində olan, nüvə silahını əldə etməyə milyardlarla pul xərcləyən, kəkilləri çomağın ucu ilə çadranın arxasına itələyən, qəhrəman gənc oğlanların boynundan aftafa medalı asan və həbsxanalarda milləti döyüb, canlarını bərkidən mollalar daha neyləməlidirlər ki, eləməyiblər?! Yox, gəlin papağımızı qabağımıza qoyub, yaxşı-yaxşı fikirləşək. Həqiqətən, daha onlardan nə istəyirik? Doğrusu, biz iranlılar bir az da artıqtamahıq. ABŞ və Avropa Birliyi şeytan kimi hər gün qulağımıza demokratiya, insan haqları və digər qeyri-lazım, aldadıcı, şeytani sözləri oxuyub, milləti yoldan eləyir. Məşrutə inqilabı ərəfəsində Tehranın imam-cüməsindən soruşurlar ki, sən niyə bəs xaricilərin İranın neftini qarət etdiyinə reaksiya göstərmirsən? Nə desə yaxşıdır? “Məgər qiyamətdə mələklər bizi neftə görə sorğu-sual edəcəklər? Axı neftin bizim imanımıza dəxli olmayan yerdə onun talanmasına reaksiyani göstərmək nə lazim?”. Indi həmən mollanın nəvələrinin nüvə enerjisi (bomba) istehsal etməyə bu qədər can atmaqları bir az bizi çaşbaş salıb. Yoxsa bizim rejimə qarşı heç bir mənfi münasibətimiz olmazdı!.
Hələ bunlar bir yana, mollaların yeni sürprizinə saymazcasına yanaşmaq qədirbilməzliyin son dərəcəsidir. Buna görə də dedim, bəlkə, bu haqda bir köşə yazıb, molla babalarımıza öz qədirbilənliyimi bildirim. Demək, molla rejimi subay oğlanların hər bir qadını müvəqqəti siğə edə bilməsi üçün növbəti tədbirini həyata keçirib: ”Müvəqqəti evlənmək (siğə) xidmətləri mollalar tərəfindən ödənişsiz və təmənnasız şəkildə göstərilir”. Mən saytların birində (səhv etmirəmsə, “iranpressnyus”da) bir yazıya tuş gəldim. 36 yaşlı kişi internetdə mollalara zakaz veribmiş ki, mən bir saatlıq bir qadın istəyirəm. Hansı mollanın, İran rəsmisinin və ədliyyə məmurunun bacısı, qızı, yaxud yaxın qohum-əqrəbası var, onu bir saatlıq siğə etməyə hazıram.
Düzünə qalsa, elə nahaq bir söz də deməyib. Hansı bir dövlət rəsmisi öz yaxın qız qohumunu siğə verməyə hazırdır? Bəs siğə olan qadınlar kimlərdir? Mən baş çıxara bilmirəm, onda bəs siğə olan qadınların uşaqları necə olacaq? Yaxud ... bağışlayın, burası çox qəlizidi, deməyə utandım... Nə isə. Ha fikirləşirəm, beynimə sığışdıra bilmirəm. Gah barmaqlarımı soldan sağa, gah sağdan sola sayıram, düz gəlmir ki, gəlmir!
Tutalım siğə oxumaq xidmətləri pulsuz ödənildi, onda bəs arada qalmış, bir saatlıq icarə olunmuş qadının taleyi necə olur? Bəs onun sabahkı günü? Hə, başa düşdüm, sabah da xiyabanda, parkda, otellərdə başqa bir kişi dalısınca gəzəcək: ”Aaaaaaaaaay qardaş, bir saatlıq özümü icarə verirəm, siğə oxunmaq xidməti də pulsuz, mən də ....!”. Bu arada Təbrizin “Üstü örtülü bazar”ında bir çox bekarlar da iş sahibi olacaq. «İşin nədir?» “Sutinyor”, özü də islamisindən. Qədim kişilər yaxşı deyib: ”Qurumsaqlığın adını pisə çıxardıblar ki, bu işdə əl çoxalmasın!”.


Üç badam, bir qoz dərsliyi


Qədimlərdə bizim yerlərdə nağara ustaları musiqi notlarını bilmədikləri üçün, şagirdləri öyrətmək üçün qəribə texnikalardan istifadə edərmişlər. Məsələn, birinci dərsliyin adı “Üç badam, bir qoz" imiş. Beləliklə, "Üç badam, bir qoz" ifadəsini beynində təkrar edən şagird nağaranın bu ritmini öyrənirdi.
Söhbət nədən gedir? Hə, demək istəyirəm ki, belə-belə işlər bizim ölkədə az olmayıb. Məsələn, Təbrizdə bizim general dərəcəsinə çatmış bir qonşumuz var. Əmim deyir, bu kişi şah zamanında ikinci sinfi bitirməmiş məktəbdən qaçıb, çobanlıqla məşğul olurmuş. İran-İraq muharibəsi ərəfəsində döyüş cəbhəsində 1 il könüllü bəsicçi kimi iştirak edib, sonra ev-eşiyinə qayıdıb. Mən onun dəfələrlə insanları «Ettelaat»a satdığını görmüşəm. Bu şəxs 2006-ci ilin may aksiyalarında tutulan dostlarımın birisinin istintaqçısı olmuşdu. Dostum deyir ki, mənim qabağıma qoyulmuş iltizam kağızında onun imzasını görüb, çaşbaş qaldım. Əəəəəəəə?! Onun adının əvvəlinə yazılmışdı: "mühəndis"! Söhbət heç bu mühəndis generaldan getmir.
Hələ harasını görmüsünüz ki? Bu kişinin qardaşı özündən də əcaıb bir məxluqdu. Təbrizin Maralan xiyabanında yerləşən "Sahibəzzaman" məscidinə güzarınız düşsə, onu görə bilərsiniz. Ramazan ayında məsciddə minbər başında tarixlərdə yadigar kimi yazılmalı elmi xitabəsini hələ də unutmamışam: "Ey həzərat! Gün ilə yer arasında milyard milyon milyard işıq ili məsafə var. İndi siz təsəvvür edin ki, xudavəndi-təbarək qəpik boyda Günəşin ışığı ilə kainatı necə isidir!". Təbrizlilərin bir məsəli var: "Birini bilirsən, ikisini bilmirsən". Axı Günəşin harası qəpik boydadır? Yaxud "bir milyard milyon milyard işıq ili məsafəsi"ni hansı texnika ilə belə dəqiqcəsinə (milimetrinə qədər) olçmüsən? Hə, tapdım. Söhbət məhz elə bu molladan gedir. Mən dəqiq xatırlayıram ki, 1999-cu ildə, bir az da dəqiq desəm, avqusun 11-də Tehran Universitetində helikopter mühəndisliyi fakultəsinə qəbul olunduğum zaman mənə dedilər ki, həmin bu molladan "Təyidiyyə" almalısan. (Dırnaq arası) bunu da əlavə edim ki, «Təyidiyyə» bir nəfərin sənin universitetdə oxumaq qabiliyyətini təsdiq etməsidir. Naçarlıqdan "Sahibəzzaman" məscidinin qabağında dayanıb, mollanın hüzuruna catmağa bir xeyli gözlədikdən sonra, nəhayət, müşərrəf olub, başımı aşağa saldım ki, ay alim şeyximiz! Bu qarpız, bu da bıçaq. Qalan işlər sənlikdir. "Yox, burda olmaz, gələrsən mənim ofisimə!!! Orda məsələyə baxaram". Yalvar-yaxar elədim ki, ay kişi, sən Allah, mənim işim-gücüm var. Bu kağıza qol çək, gedim. "Axı bu, qəliz məsələdir, sənə bir neçə elmi sual verməliyəm". Nəhayət, atan yaxşı, anan rəhmətdə deyə-deyə boynuna qoydum ki, indicə ofisə gedib, orada suallara cavab verim. Nə isə, çox başınızı ağrıtmayım. Gedib ofisə özümü bacardıqca tərbiyəli göstərməyə çalışdım. Molla masanın arxasından məni bir aşağıdan yuxarı, bir də yuxarıdan aşağı nəzərdən keçirib: "Sən necə musəlmansan ki, saqqalını ülgüclə qırxmısan?" soruşdu. Başımı aşağı dikib, dinməz durdum. "Universitetə qəbul olunmaq zarafat deyil ki, imtahanlar var, sorğular var..." Tez dedim ki, imtahandan keçib qəbul olmuşam. "Əşşi, onlar boş-boş şeydir, əsl imtahan burdadır. İndi de görüm ölünün kəfəni neçə qat olar?" Yenə dinməz dayandım. "Bilmədin, hə, demək, elə belə dərs oxumusan də". Ovqatım yaman təlx oldu: «Ay şeyx, mən sənin özünə bircə sualım var: insanın toyuqla cinsi əlaqəsinin hökmünü bilirəm, bəs hunduşqa ilə necədir? Və ya dəvəquşu ilə? Hmmmmmm, bəlkə də, qarğa? Bəs bülbül olsa necə? Özü də məhz qırmızı bülbül! Hə? Gördün, sən də bilmədin!"...


Falçılar, cadugərlər, şarlatanlar və başqa ağsaqqallara hörmət!


Hərdən mirzə Ə.Sabir, F.Axundov, J.Qulizadə və ... keçən əsrin ziyalı və reformist ünvanı qazanmış yazarların əsərlərin qabağıma qoyub, vərəqləyirəm. Yəqin ki, onların əsərlərin oxumaq hamıya ləzzət eləyir. Niyə? Çünki, biz hələ onların əsrində yaşayırıq, dərindən baxsaq heç nə dəyişilməyib. Həmən qaramat millətik və həmən irticai mədəniyyət! Hələdə mövhumatçılar, dua yazan seyidlər, cadugərlər, falçılar, zəncir qıran pəhləvanlar və nəhayət mollalar bizim ağsaqqallarımız hesab olurlar və biz belə düşümürük ki, onlar olmasa günümüz keçməz!
Mən bir çox adamlardan hər gün eşidirəm ki:” Biz mövhumatı cəmiyyət içinə yayan irticaçı mollara nifrət edirik”. Sonra onlara deyirəm ki, mollanın pisi də var yaxşısıda. Deyirlər:” elədir”. Bir az mövhumatın müsbət cəhətlərindən danışıram, sonra deyirəm ki, millətə falçı da gərəkdir, molla da. Deyirlər:” hə, sən deyən düzdür”! təəccüb eləməyin, desəm ki, biz bütün ixtiyarımızı onların əlinə verməliyik, deyəcəklər hə, Onsuz da vermişik! Mirzə Jəlil Qulizadənin molla Nəsrəddin hikayələrinə baxın. Yer var molla gic, axmaq və mövhumatçı olur, digər yerdə isə məsləhət olaraq ağıllı, kəmallı və ziyalı xarakiter daşıyır,!(demək, mollanın pisi də var yaxşısı da). Söhbət, bir insanın pis yaxud yaxşı olduğundan getmir, bəlkə millətin taleinə, baxışına, altşüur və düşüncəsinə nə dərəcə təsir qoyub, onları hanki istiqamətdə hərək etməyə yönəldən principləri düşünməliyik. Biz Şərq millətləri nədən mövhumatdan əl çəkənmirik? Nədən özümüzlə, taleyimizlə və gələcək nəsillərimizlə barışanmırıq? Niyə bir dəfə çürümüş dişimizi çəkib, çıxarmırıq? Nədən bir para şarlatan həmişə bizim ilahi dinimizi, imanımızı və əqidəmizi boynumuza yüyən kimi salıb, öz arxasıca çəkir? Bəlkə siz Quzeylilər deyəsiniz ki, axı bunların bizə nə dəxli var? Yaxşı-yaxşı fikirləşsəz, görərsiniz ki dəxli var! Əgər molla nəsrəddin jurnalı yenə də həmən səviyyədə nəşr olunsa, yəqin ki, millət qarışqa kimi, qəzet puşklarına daraşar. Çünki, 100 il bundan qabağın problemləri hətta öz mahiyyətini dəyişdirmədən belə, davam edir. Hələ də il boyu yüzlər nəfər Quzeydən pirlərin ziyarətinə güneyə gəlir, hələ də qadınlarınız özlərini nəzərdən qorumağa boyunlarından göy-yaşıl nəsnələr aslayıb, kişilər ehsan verib, oğlan uşağı, üstünə ad qoymamışdan sünəət olunur və qızlar isə ulduz görüntüsü falına maraq göstərib, üstəlik ayda bir dəfə özlərinə baxt falı açdırır. Bu hələ mövhumatın görünən üzüdür. Əsil mövhumat ürəklərdə və beyinlərdədir. Misal üçün, öz gələcəyini TALEə tapşırmaq biz türklərin arasında ən qorxunc mövhumatdır. Babalarımız hər zad yaxşı olacaq deyə-deyə bizi gətirib, bu günə çatdırmışalr!. Hələ də biz babalarımızın qara tarixinə fəxr edirik, və hələ də müqəddəsat adlandırdığımız şah İsmail Xətailərin qılıncını tənqid eləmək mümkün deyil. Hələ də, həsbeh şaqqıldadıb, aftaba dolandırmaq bizim mədəniyyətimiz də paklıq simvoludur. Hələ də, telekanalarda işarə barmağını millətə tutb, uca səs ilə danışanlar var! Hələ də milləti qorxudanlar, hədələyənlər və baş-aşağı tərbiyə edənlər var!. Hələ də, bu dünyanın absurd, puç və dəyərsiz olduğuna fitva verib, insana dəxli olmayan şeir deyənlər var. Hələ də, AYB var, hələ də dəyişilməmiş prinsiplər, qaydalar, eh... bezdik gündəlik və dəyişilməzl həyatdan!