Friday, July 6, 2007

Babək qalası

Yürüşlərdən xatirələrim

Hər il bu zamanlar Güneylilər Babək Xürrəminin doğum günü münasibətilə Bəzz qalasında təntənəli mərasim keçirir. Bu mərasimlərdə hər zaman iştirak etsəm də, heç birisi 2000-ci ilin yürüşü kimi təntənəli olmadı. 100 minə yaxın adamın arasına iynə salsaydın, yerə düşməzdi.

Keçən il «Ettelaat»ın hədə-qorxularına rəğmən, yenə də qalaya gedən az olmadı. Gecəyarısı, saat 3-də bir avtobus dolu milli fəal Təbrizdən qızlı-oğlanlı Kəleybər kəndinə sarı yola düşdük. Əvvəlcə Təbrizin yol polis postunda yoxlamaq bəhanəsi ilə avtobusu dayandırdılar. Neçə nəfər saqqallı mülki libasda, əllərində çomaq avtobusa keçib, hər şeyi, hamını yoxladılar. Çantaları açıb yerə tökdülər, Sevinc xanımın qucağındakı 6 aylıq körpənin bələyinədək açıb yoxladılar. Kim bilir, birdən bayraq və ya məxfi vərəqə gizlətmiş olar. Əlbəttə, həmişə olduğu kimi, özümlə Güney Azərbaycanın bayrağını götürüb gizlətmişdim. Harda? Bu dəfə də yuyucu tozun içində. Ülgüclə ağzını kəsdiyim yuyucu tozun qabını yapışqanla çox təmiz yapışdırmışdıq. Heç nə bəlli olmurdu, sankı fabrikdən indicə çıxıb. «Ettelaat» məmurlarının birisi üzünü mənim dostum Bəhmənə sarı tutub: ”Hara gedirsiniz?” – deyə soruşdu.
Tez dedim: ”Toya gedirik. Əhər şəhərinə”. Üzünü çevirib gedəndə: “Eşşək özünsən” - dedi. Yəni bizim qalaya getdiyimizi bilirdi. Sonra yenə də yola düşdük, hər addımbaşında tez-tez avtobusu dayandırdılar. Nəhayət, Əhər şəhərinə çatdıq. Yol polis postunda yenə də avtobusu dayandırdılar. Bu dəfə bizdən evimizə qayıtmağı tələb etdilər. Sürücünün və bir neçə nəfərin şəxsiyyət vəsiqəsini əlindən aldılar. Polislərin birisi çox atılıb-düşürdü: “Məgər bilmirsiniz, qalada hərbi manevr keçirilir? Qayıdın düz evinizə sarı, haydı!”. Cansız bədəninin dirisini qapana qoysan, 40 kilo olmazdı! Etirazımızı görən məmurlar bizdən avtobusdan yerə enməyi tələb etdilər. Bircə-bircə hamının üstünü axtardılar. Mənim zarafatlarımdan əsəbiləşən «Ettelaat» məmuru əlimdən tutub, otağa apardı.
- Boşalt, üstündə nə var, boşalt.
- Mən dünən gecə boşalmışam, boşaltmalı bir şeyim qalmayıb.
Gicin birisi qabına nə saldığımı bilmədi. Nə isə, məcbur olduq maşından yenib, Kəleybər kəndinədək piyada 8 saat yol gedək. Getdik də, çatdıq da.
Doğrudan da, dəhşətli mənzərələr yaratmışdılar. Hər yer “Sipah”, “Bəsic”, «Ettelaat» məmurları ilə dolu idi. Qalanın altında, meşədə, düzənlikdə hərbi çadırlar yan-yana düzülmüşdü. Ətraf dağlarda RPÇ, top və digər ağır silahlar qondarılmışdı. Səsgücləndiricilərlə qulaqkaredici mərsiyələr, azan səsi, farsca hərbi marşlar və digər səslərlə beynimizi dağıtdılar. Harda çadır qurduqsa, gəlib əngəl oldular ki, yığışdırın. Bir neçə nəfəri tutdular. Olar-olmaz 100 nəfər idik. Nahardan sonra millətin izdihamı çoxaldıqda bir az ürəyimiz yerinə gəldi. Hamının kamerasını əlindən almışdılar. Əl telefonlarını da. Musiqi alətlərini də. Bəzən hətta radio və maqnitofonları da alırdılar. «Ettelaat» məmurları sağ-solumuzda gəzişir, çevrəmizdə vurnuxurdu. Axşamacan matəm tutmuşlar kimi əllərimiz qoynumuzda məmurların manevrə hazırlaşmasına tamaşa etdik. Qalaya girməyi də qadağan etmişdilər. Nəhayət, gecə oldu. Millət toplaşıb qurd kimi ulamağa başladı. Tonqallar yandırıldı. Bir rəqs qrupu meydanın ortasına keçib, çəpik səslərinin ritmi ilə gözəl rəqs ifa etdi. Sonra həmin qrup Babək Xürrəminin canlı teatrını nümayiş etdirdi. Tamaşaçılara göz qoydum. Hamı nəfəs dərmədən maraqla qulaq asırdı. Dəhşətə gələn kim, bəzən həyəcandan Babək rolunda oynayanın ağzından çıxan sözləri yenə də, yanında durana deyən kim, bəzən gözləri dolub, bəzən də sevinclə gülən kim?! Gecənin necə səhərə qovuşmağını heç kim duymadı. Səhər çağı dağ yolları ilə gizlicə gətirilən tar, nağarayla 3 rəqs qrupu meydanın ortasına keçdi. Amma hayıf olsun, keçən il bayrağı qalada dalğalandıra bilmədim...