Tuesday, June 19, 2007

Halal nəşə

Halal nəşə

Heroin nəşəsi min sevgili cananə dəyər,
Bafurun tüstüsü Tehran nədi? İranə dəyər,
Elə pis baxmagilən mürgüləyən nəşəxora,
Ayağı yerdə, başı göydəki eyvanə dəyər.
Hər nəfəs zövqə düşər nəşə çəkən dünyada
Alışıb, sonra da peşmanlığı milyanə dəyər.


Qalıb-qalıb, nəhayət, şair də olduq. Özü də əməlli-başlı şair! Bunları niyə deyirəm? Aha, öz aramızda qalsın, rejim bu günlər narkoman qardaş-bacılarımızın ovqatını yaman pozur. Repressiyalara məruz qalanlar təkcə siyasətçilər, hüquq müdafiəçiləri, tələbələr və xüsusi ilə də mən deyiləm, narkomanlar bizdən də betər sıxıntı çəkirmiş. Demək, ötən 75 gündə 74140 nəfər narkotik maddələr satdığı üçün tutulub, onların 2000 nəfəri narkomanmış və araşdırma nəticəsində 101 ton narkotik maddə aşkarlanıb. Çox şükür, elə də olmalıdır. Keçən 2 gündə 5 nəfəri elə həmin ittihamla dara çəkiblər. Onların ikisi hamının gözünün qabağında edam olunub.
İlham pərisi, halal tiryək haçandan belə hörmətsizliyə tuş gəldi? Aaaaaaa, dayan deyim. O zamandan ki, heroin siqaretdən ucuz oldu, ölkənin 5%-i narkotik maddələrin düşgününə çevrildi və nəşələr padişahı ünvanı alan tiryək “DƏRMAN” adı ilə küçə-küçə, misqal-misqal hərraca qoyuldu. Bekar, depressiyalı, əyləncəsiz, matəm içində boğulmuş, kimsənin vecinə olmayan gənclər manqal başına yığışıb, ürəklərini boşaldıb, bəzən xumarlığa dözməyib həyat yoldaşını, qızını və bacısını satıb, ssenari yazanların nəzarətindən çıxdıqda, elə məhz həmən zaman mən - hərçənd ürəyimdə - bu ssenarinin necə bitdiyini proqnozlaşdırmışdım.
Ssenari, ssenari, offffff, ssenari. Kimlər bu yolda qurbanlıq rolunu oynadı?!
Hə, bilirəm. Mənə bu zəhərin nə olduğunu öyrətmə... Bağışla, bir az əsəbiləşdim. Əslində bugünlər sinirlərim qaydasında deyil. Nə isə... Mən uşağıdım. 5 yaşım olar, ya olmazdı. Qonşuluqda Kazım adlı bir kişi var idi. Yadıma gəlir, səhər-səhər durub divardan boylanıb, onun otağına baxardım.
Ayaqlarını sərin su ilə dolu teştə qoyub, qıçlarını ovub, gözünün yaşını axıdardı. Tiryəki tərgitməyə çox çalışdı. Amma heç nə alınmadı. Sonra da öldü, əlbəttə, xumarlıqdan yox, əslində intihar elədi. O vaxt xumarlığın nə olduğunu hamıdan çox anladım.
Onda şəhərimizdə 12 nəfər narkoman var idi. Onların hamısı indi ölüb. Allah rəhmət eləsin. Sonra birdən-birə şəhərdə məmə yeyəndən pəpə deyənə qədər tiryəkə hamı girişdi. Heç kim, heç bir polis, heç bir molla, heç bir «Ettelaat» məmuru buna reaksiya vermədi. Tiryək ton-ton vilayətlərə daşındı. Hər bağda, evdə, çöldə, bayırda neçə nəfər yığışıb, manqal büsatı qurub, müxtəlif yollarla narkotik maddə qəbul etdilər. Kasıblar qəlyanla, varlılar bafurla və ilaxir.
Şah zamanı (sizin yadınıza gəlməz, heç mənim də yadıma gəlmir) dövlət tiryakilərə xüsusi narkotik maddə verirdi. Onların özünəməxsus kartları və vəsiqələri var idi. Nə isə, bugünkü rejimdə, kart, vəsiqə, səhm və s. yoxdur. Mən Təbrizin Şahnaz xiyabanından terminala qədər məsafədə gəzişdiyim zaman ən azı 50 nəfər tiryək satıcısına tuş gəlirdim: “Qəydəş, tiyyeh vay, ağa malı!”(qardaş, tiryək var...). Azadlıqda sövdaları ilə məşğul olub, bir tikə halal çörək qazanırdılar. Kimsənin onlarla işi yox idi. Amma indi başqa cür olub, yenə də çox şükür.