Monday, June 18, 2007

Bizi göylərə qaldıran yeganə şey, dar ağacıdır

Bizi göylərə qaldıran yeganə şey, dar ağacıdır



Sənə bir sır açıram, öz aramızda qalsın. Bir sən bil, birdə mən. SAKIN üçüncü kimsə bilməsin. Mən dönə-dönə oturub, durub, əyilib, bürkülüb, yatıb və xüsusilə kəlləmallaq dayanıb demişəm ki, düz oturub əyi danışmaq gərəkdir, bağışla... Əyri oturub, düz danışmaq gərəkdir. Yenə də, mən dönə-dönə iclaslarda, qəzetlərdə, konfranslarda, kafedə, evdə, otaqda, hamamda və xüsusilə mətbəxdə vurğulamışam ki, beynəlxalq mədəni-siyasi konvensiyasının 5-ci bəndinin 6-ci maddəsində, 18 yaşdan kiçic yeniyetmələrə edam hökmü kəsmək qadağandır. Əlbəttə ki, İran rejimi də bu konvansiyanı imzalayıb, söz verib yeniyetmələrə edam cəzası kəsməsin. Mən dönə-dönə barmaqlarımı gah sağdan sola, gah soldan sağa saymışam, düz gəlmir ki gəlmir. Hazırda, keçən ayların içində 4 yeniyetmə edam olub, 43-nə (2 qız, 42 oğlan) isə edam cəzası kəsilib. Bunlar hələ biz bildiklərimizdir!

Mən dönə-dönə zurnanı qalın tərəfindən püfləyib, “dodaq dəyməz” havasını gah RE-dən, gah Sol-dan səmalara dalğalandırıb, şou-biznesin qaynar bazarında iflasa oğramış muğamından tut meyxanasının sözlərinin tərkibində səsgücləndiricilərlə bağırmışam ki, 1975-ci ilin siyasi-mədəni konvansiyasının 6-ci bəndinə əsasən, edam kökmü ən ağır cinayətlərə kəsilməlidir. Habehə, İran ana yasasının 105-ci maddəsinə görə, hakimə cəza seçimi haqqı verilib. 2000-ci ildə rejim dəfələrlə BMT-na “daşqalaq” cəza növünün kəsilməsinə son qoyduğunu bildirib. Hazırda, əlimizdə olan mötəbər statistikalara və siyahilərə əsasən – biz bildiyimiz qədər – 12 nəfər insana daşqalaq cəzası verilib.

Keçən ay bir neçə gəncin boynuna aftafa salıb, bir gəncin saçını da xaç şəkilində qırxıb, tərsinə eşşəyə mindirib Tehranın küçələrin gəzdiriblər ki, bunlar hicabı riayət etmir. Əəəəəə, oğlan uşağına nə hicab!? Sən demə, islamda oğlanlara da hicab varimiş. Məsələn, qısa qol, qırmızı köynək, ağ şalvar və açıq yaxa geyimlər əxlaqsızlıq hesab olunurmuş! Bəli, bəli, milli mentalitetlərimiz topa saqqal, qara təsbeh, ağ əmmamə və milli simvolumuz göy aftafaya uyğun olmayan hər şey əxlaqsızlıqdır. Bunu mən deyirəm, Oxtay Təbrizli!

Mən dönə-dönə demişəm ki, İranda intihar edən qadınların 60%-i özlərini odlamaqla həyatlarına son qoyub. Bunun nədəni bəllidir:” həyata nifrət, onlara olan sitəmləri nümayiş etdirmək və üsyan!”. 82% qadınlar, müxtəlif ruhi xəstəliklər düşğünü olub. 5% cəmiyyəti narkoman olan İranda, narkotik maddələr satışı ittihami ilə tutulan qadınların sayı kişilərlə bərabərlik edir!. Bunları məndemirəm, rəsmi statistikalar deyir. İranın yarı cəmiyyətini təşkil edən qadınlar iflicdir.

Deyirsiniz, qadın hüquq mühafizəçiləri bəs neyləyir?!, Deyirəm. 2006-ci il, iyunun 12-də Tehranın “Həfte-tir” xiyabanında aksiya keçirənlərdən, 121 qadın hüquq müdafiəçisi tutulub, 1 milyon dollardan artıq maliyə zəmanəti qoyulub, 14 şərtli həbs və 9 qəti həbs cəzası verilib. Buyur! Hələ bunlar harasıdır ki!. Qadın hüquq müdafiəçisi Röya Tüluini keçən il gecə yarısı evinə tökülüb, Ettelaata aparıblar. “Deily Teleqraf” agentliyinə verdiyi müsahibədə bildirib ki, təcridxanada ona dəfələrlə cinsi təcavuz olunub. R.Tülui Iki uşağının götürüb, gizlicə Türkiyəyə getdi, oradan da Amerikaya keçdi. Keçən ay Ettelaat onun ərinə demişdi ki:” Arvadına de ki, oturub-durub mediyalara müsahibə verməsin, yoxsa onun “gizli filmini” millət arasında yayacayıq. “Gizli film!”. Maraqlıdır!!!

Nə isə, bu da bizim qadın hüquq müdafiəçilərindən...

Indi keçən ayın içində insan hüquqları müdafiəçilərin verdiyi statistikalara baxaq:

keçən ildən indiyə qədər İranda 117 nəfər edam olub.
Keçən aydan indiyə qədər 201 universitet tələbəsi ciddi təzyiqlərə məruz qalıb. Onların bəzisi həbs olunub, bəzisi universitetdən azad olunub və qalanları isə məhkəməyə veriliblər.
Keçən aydan indiyə qədər 22 jurnalist məhkəməyə verilib.
Keçən ay may aksiyalarının ildönümündə fəqət Təbrizdə 500-dən artıq fəal tutulub və s...
Mən dönə-dönə demişəm ki, İranda heç kim səni sığorta edə bilməz ki, gecə yatıb, səhər durub, kəsilmiş başını köksün üstə görməyəsən! Yaxud kimsə sənə zəmanət edə bilməz ki, yeriyə-yeriyə birisi arxadan səni bıçaqlamasın. Yalan deyirəm, siz deyin!...hə, bunuda köşəmin sonunda əlavə edim ki, kişi kimi söz ver bu söhbətlər öz aramızda qalısın, üçüncü adam bilməsin, hissssss!