Thursday, June 21, 2007

Sındırın qızlar, sındırın qızlar

Sındırın diktaturanın belini
İran rejimi bugün istəyir ki, iki nəfəri daşqalaq eləsin. Mükərrəmə İbrahimi və onunla cinsi əlaqədə ittiham olunan bir kişi. Bu hələ burda qalsın, yenə bu mövzuya qayıdarıq. Mən Adəm peyğəmbərin zamanından (o zaman sizin yadınıza gəlməz, mənimsə heç yadıma gəlməz) indiyədək demişəm və qiyamətə qədər də deyəcəyəm ki, qadınlar İran totalitar rejiminin Axilles dabanıdır. Diktator molla rejiminin gününü göy əskiyə bükən onlar olacaq, vəssalam!
Tez-tez İranda insan hüquq müdafiəçiləri ilə danışıram. Çox dəhşətli bir durum yaranıb. Çoooox! Insan haqlarının pozulması ilə əlaqədar aldığım statistikalar bir az təəssüfedici, bir az əsəbiləşdirici və bir az da ümidpozucudur. Keçən ayın içində verilən statistikalara əsasən, hazırda 100 mindən artıq siyasi fəal həbsxanalarda saxlanılır, 21 jurnalist tutulub, 201 tələbə müxtəlif ağır cəzalara məruz qalıb, keçən il 117 nəfər edam olunub və sair və ilaxır. Hələ mən detalları ortalığa qoysam, bəlkə, kötük qalınlığında bir jurnal əmələ gələr. Kriminal jurnal! Əslində, ilk baxışda belə görünür ki, bizi göylərə qaldıran yeganə şey dar ağacıdır. Niyə? 2003-cü il qadın hüquq müdafiəçisi Zəhra Kazimi «Ettelaat»ın həbsxanasında o qədər işgəncələrə məruz qaldı ki, öldü. Hə, öldü! Sonra Röya Tülui həbsxanada cinsi təcavüzlərə məruz qaldı və ... elə o zaman biz molla rejiminin “Fatihə”sini oxuduq. Elə də oldu. İranda “Bir milyon imza” kampaniyası işə başladı. 2006-cı il iyunun 12-də Tehranın “Həfte-tir” xiyabanında aksiyalar keçirildi. 121 qadın hüquq müdafiəçisi tutuldu, 1 milyon dollardan artıq maliyə zəmanəti qoyuldu. 14 nəfərə şərti cəza, 9 nəfərə azadlıqdan məhrum etmə cəzası verildi. Hazırda mindən artıq qadın hüquq müdafiəçisi agentliklər, informasiya silahı ilə rejimi darmadağın edir. İndi yaxşı təsəvvür edə bilərsiniz ki, nədən “hicab planı” tədbiri keçən aylarda həyata keçirildi?
Indi qayıdaq daşqalaq məsələsinə. Mən sizə demişdim ki, molla rejimi beynəlxalq təşkilatlara və millətə verdiyi sözlərə rəğmən, hələ də daşqalaq cəzasının icra olunmasında israrlıdır. Molla rejimi öz yalançı, antidemokratik, simasız, terrorist xarakterini yenə də nümayiş etdirir. Samirə şəhərindəki partlayışlar müsəlmanlar arasında ABŞ və Avropaya nifrət yaratdı. Hətta Azərbaycanda nardaranlılar da bu ölkələrin və İsrailin bayraqların yandırdılar. Sonra İraq rəsmiləri faktları üzə çıxarıb məsələni faş etdilər: bu partlayış İran «Ettelaat»ının işi imiş.
Bu molla rejiminin ağına-bozuna baxmaq olmaz. İran casusları - xarici ölkələrdə insanları aldadıb, rejimin guya humanist olduğunu, islami olduğunu deyənlər artıq sussalar yaxşıdır. Molla rejimi indiyəcən əsrlər boyu heç bir hakimiyyətin eləmədiyi cinayətləri həyata keçirir.
İndi təsəvvür edin ki, dünənə kimi daşqalaq cəzasının icra olunduğunu danan rejim bugün aşkarcasına bu qeyri-insani cəzanın icrasına hökm verib. Rejimin siyasəti dünyanı aldatmaqdır. İran millətini aldatdı, qonşu ölkə müsəlmanlarını aldatdı, amma başqa ölkələri aldatmaq elə də asan iş deyil. Biz molla rejiminin cinayətlərini məzələnə-məzələnə satirik yazılarla ifşa etdik. Sizinlə məzələndim, bəlkə də, sizi güldürdüm. Amma içimdə ağladım, ağladım vallahi...

Daşqalaq olmaq istirəm!

Daşqalaq olmaq istirəm!

Oxtay Təbrizlinin özünü daşqalaq eləmək gərəkdir. Özüdə, ilk öncə başından bir daş vurmaq gərəkdir, yox... əvvəlcə ağzının içində bir qaya sıxmaq lazimdir. Necə yəni niyə?! Siz hələ onu yaxşı-yaxşı tanımamısız. Oxtay o qədər oturub oyan-buyanda molla rejimini təriflədi ki, rejimə bəd nəzər dəydi. Bəli, bəli. Keçən il Qoşaçay şəhərində may aksiyalarında ETTELAAT gənc bir oğlanı öldürüb. Onun atasını elə qorxudublar ki, bir il bu xəbəri gizlətmək zorunda qalıb. Mövzudan çox aralanmayaq. Israğa gün Takistan bölgəsinin “Beheşti-Zəhra” qəbristanında iki çala qazmışdılar. Əslin 3 olmalı idi, eh... boş ver zarafat bəsdir. Hə, deyirdim ki, 2 çala qazıb, qəbristanın 4 tərəfini qoruq etmişdilər ki, məbadə jurnalıstlər gəlib ordan reportaj götürələr. Sonra, bu xəbər qadın hüquq müdafiəçilər və “ könüllü vəkillər” tərəfindən ifşa oldu. Qəzvinin valisi və ədliyyə rəisi nə qədər daşqalağın icra olunmasına israr göstərsələrdə, İran cəmiyyətinin və xüsusilə türk soylu qəzvinlilərin qəzəbinə tuş gəlib, nəhayət Ədliyyə Naziri “Haşimi Əraqi” ( Bu şəxs, Haşimi Şahrudi adi ilə tanıınır!) hökmün qabağını almağa əmr elədi. - Sonra nə oldu? Dayan deyim. Qəzvin şəhərinin ədliyyə rəisi Həsən Qasimi “Fars” agentliyinə verdiyi müsahibədə bu xəbəri yerli-dibli dandı. Axı, deyən yoxdur, əyər bu xəbər yalandırsa, nəyə bəs Şahrudi daşqalağın icrasının qabağın almaq üçün əmr verib?! Allah-Allah! Adamın gözünün qarasına baxıb, ağ yalan deyirlər. Keçən həftələrdə, Tehranın imam cuması Əhməd Xatəmi qadınları “əxlaqsızlığın səbəbkarı” və “xiyaban manikeni” adlandırıb. Yadıma rəhmətlik mirzə Cəlilin “Danabaş kəndi əhvalatı” adlı hikayəsi düşür. Orda hər kəsin bir ləqəbi var! Nə isə. Mən sizə fəqət bir fakt deyim. Keçən il molla rejimi qadın ticarətinidə (Dubay və s. Ölkələrə) dünyada üçüncü yeri qazanıb. Bu faktı agentliklərin bir çoxu, məsələn, “İranpresneuz” da təsdiq edir. Bəli! Indi hələ pis-pis halal siğəni yaymağa cəhd göstərib, ölkəni islami fahişəxanaya çevirmək istəyirlər.
Amma bizlər, yəni qadın hüquq müdafiəçilərinin qızmış vicdanı soyuducu hələ heç, dondurucunun da içində soyumaz! Bunu arxayın olun. Belə-belə işləri oturub, tamaşa edə bilmərik.
Bunu da yeri gəlmişkən əlavə edim ki, İran Qadın hüquq müdafiəçilərin bir çoxu, başlıca olaraq “ 1 Milyon İmza kampaniyasi” və “ Mütərəqqi Qadınlar Təşkilatı” dönə-dönə “Bizim yol” qəzetindən İran qadınlarının xəbərlərin və ədalətsizliyə necə qurban olduqların dəfələrlə əks etdiyinə görə, dərin təşəkkürlərin bildirib, “Mütərəqqi Qadınlar Təşkilatı” isə bizim yazılarımızı hər gün öz saytına yükləyir: “ WWW.PWOIARN.COM”. Çox sağolsunlar, biz fəqət jurnalist kimi öz vəzifəmizi yerinə yetirmişik, artıq iş görməmişik. Nə isə. Indi qayıdaq zarafatımıza. Əslində mən niyə zarafat eləyirəm? Mən həməşə məzələnməklə, zarafatla danışıram. Çünki, içimdə olan dəhşətli ruhi sıxıntıları və üsyanları kimsəyə daşımaq istəmirəm. Biz ədalətsizliyin qurbanı olduq, yetər!. Hə, deyirdim ki, O.Təbrizlini daşqalaq eləmək lazimdir. Birimci daşi elə mən ozüm düz qaşqasına sıxaram. Sənin canın haqqı!. Sonra “bizim yol” qəzetinin əməkdaşlarını, xüsusilə Bahəddin Həziyevi qorxudaram ki, məbadə, bu xəbəri dilindən qaçırıb, bir yanda deyəsən. Öz aramızdı, məndən əməlli-başlı ETTELAAT məmuru çıxar! Əstəğfurullah...