Friday, June 8, 2007

Üç badam, bir qoz dərsliyi


Qədimlərdə bizim yerlərdə nağara ustaları musiqi notlarını bilmədikləri üçün, şagirdləri öyrətmək üçün qəribə texnikalardan istifadə edərmişlər. Məsələn, birinci dərsliyin adı “Üç badam, bir qoz" imiş. Beləliklə, "Üç badam, bir qoz" ifadəsini beynində təkrar edən şagird nağaranın bu ritmini öyrənirdi.
Söhbət nədən gedir? Hə, demək istəyirəm ki, belə-belə işlər bizim ölkədə az olmayıb. Məsələn, Təbrizdə bizim general dərəcəsinə çatmış bir qonşumuz var. Əmim deyir, bu kişi şah zamanında ikinci sinfi bitirməmiş məktəbdən qaçıb, çobanlıqla məşğul olurmuş. İran-İraq muharibəsi ərəfəsində döyüş cəbhəsində 1 il könüllü bəsicçi kimi iştirak edib, sonra ev-eşiyinə qayıdıb. Mən onun dəfələrlə insanları «Ettelaat»a satdığını görmüşəm. Bu şəxs 2006-ci ilin may aksiyalarında tutulan dostlarımın birisinin istintaqçısı olmuşdu. Dostum deyir ki, mənim qabağıma qoyulmuş iltizam kağızında onun imzasını görüb, çaşbaş qaldım. Əəəəəəəə?! Onun adının əvvəlinə yazılmışdı: "mühəndis"! Söhbət heç bu mühəndis generaldan getmir.
Hələ harasını görmüsünüz ki? Bu kişinin qardaşı özündən də əcaıb bir məxluqdu. Təbrizin Maralan xiyabanında yerləşən "Sahibəzzaman" məscidinə güzarınız düşsə, onu görə bilərsiniz. Ramazan ayında məsciddə minbər başında tarixlərdə yadigar kimi yazılmalı elmi xitabəsini hələ də unutmamışam: "Ey həzərat! Gün ilə yer arasında milyard milyon milyard işıq ili məsafə var. İndi siz təsəvvür edin ki, xudavəndi-təbarək qəpik boyda Günəşin ışığı ilə kainatı necə isidir!". Təbrizlilərin bir məsəli var: "Birini bilirsən, ikisini bilmirsən". Axı Günəşin harası qəpik boydadır? Yaxud "bir milyard milyon milyard işıq ili məsafəsi"ni hansı texnika ilə belə dəqiqcəsinə (milimetrinə qədər) olçmüsən? Hə, tapdım. Söhbət məhz elə bu molladan gedir. Mən dəqiq xatırlayıram ki, 1999-cu ildə, bir az da dəqiq desəm, avqusun 11-də Tehran Universitetində helikopter mühəndisliyi fakultəsinə qəbul olunduğum zaman mənə dedilər ki, həmin bu molladan "Təyidiyyə" almalısan. (Dırnaq arası) bunu da əlavə edim ki, «Təyidiyyə» bir nəfərin sənin universitetdə oxumaq qabiliyyətini təsdiq etməsidir. Naçarlıqdan "Sahibəzzaman" məscidinin qabağında dayanıb, mollanın hüzuruna catmağa bir xeyli gözlədikdən sonra, nəhayət, müşərrəf olub, başımı aşağa saldım ki, ay alim şeyximiz! Bu qarpız, bu da bıçaq. Qalan işlər sənlikdir. "Yox, burda olmaz, gələrsən mənim ofisimə!!! Orda məsələyə baxaram". Yalvar-yaxar elədim ki, ay kişi, sən Allah, mənim işim-gücüm var. Bu kağıza qol çək, gedim. "Axı bu, qəliz məsələdir, sənə bir neçə elmi sual verməliyəm". Nəhayət, atan yaxşı, anan rəhmətdə deyə-deyə boynuna qoydum ki, indicə ofisə gedib, orada suallara cavab verim. Nə isə, çox başınızı ağrıtmayım. Gedib ofisə özümü bacardıqca tərbiyəli göstərməyə çalışdım. Molla masanın arxasından məni bir aşağıdan yuxarı, bir də yuxarıdan aşağı nəzərdən keçirib: "Sən necə musəlmansan ki, saqqalını ülgüclə qırxmısan?" soruşdu. Başımı aşağı dikib, dinməz durdum. "Universitetə qəbul olunmaq zarafat deyil ki, imtahanlar var, sorğular var..." Tez dedim ki, imtahandan keçib qəbul olmuşam. "Əşşi, onlar boş-boş şeydir, əsl imtahan burdadır. İndi de görüm ölünün kəfəni neçə qat olar?" Yenə dinməz dayandım. "Bilmədin, hə, demək, elə belə dərs oxumusan də". Ovqatım yaman təlx oldu: «Ay şeyx, mən sənin özünə bircə sualım var: insanın toyuqla cinsi əlaqəsinin hökmünü bilirəm, bəs hunduşqa ilə necədir? Və ya dəvəquşu ilə? Hmmmmmm, bəlkə də, qarğa? Bəs bülbül olsa necə? Özü də məhz qırmızı bülbül! Hə? Gördün, sən də bilmədin!"...