Friday, June 8, 2007

Xatəmi də ölüm fitvası verirmiş!

Xatəmi də ölüm fitvası verirmiş!
Hamımız bilirik ki, hava isinəndə hər şey şişər. Bunu bilməyin Güneyli, yaxud Quzeyli olmağa dəxli yoxdur. Elə afrikalıdan da soruşsan, bunu bilir. Məsələn, dəmir qapını bağlayanda qapı çərçivəyə sürtüşür. Adamın fiziki üzvləri də habelə.
Aaaaaaaaa, səhv başa düşmə! Söhbət başqa zaddan gedir. Bax, məsələn, biləyin damarları şişir və ilaxır. Amma görəsən, insanın qürurunun şişməsinin də havanın istiləşməsinə dəxli varmı? İndi soruşarsınız ki, niyə bu sözləri deyirəm? Hə... qulaq asın, ərz edim.
İran rəsmiləri getdikcə öz mahiyyətini üzə çıxarır. Molla rejiminin keçmiş prezidenti Məhəmməd Xatəmi ölkə-ölkə gəzib “mədəniyyətlər arasında barışıq” şüarını bağıra-bağıra terrorist molla rejiminə abır qazandırmağa xeyli can atdı. Nə isə, heç bir şey əldə edə bilməyib, yenidən əlləri ətəyindən uzun ölkəmizə qayıtdı. Bildiyim qədər, bizim yeganə azadlıq vədəsi ilə prezident seçkilərində iştirak edən prezidentimiz M.Xatəmi idi. Əlbəttə, o, öz vədini həyata keçirməkdə heç bir qüsura yol vermədi. Həqiqətən, tam azadcasına danışmaq və yazmaq imkanı yarandı. Amma bu azadlıq sığortası danışıb, yaxud yazana qədərmiş. Ondan sonrasını kimsə sığortalamadı. Bu azadlıqdan istifadə edənlər hələ də həbsxanalardan qurtula bilməyib. “Zəncirvari qətllər” başlandı, nə başlandı! 22 milyon iranlı bu mollanın azadlıq vədinə aldanıb, ona səs verdi. Mən dəfələrlə dedim ki, mollanın... bağışlayın, ilanın ağına da lənət, qarasına da. Ancaq mən deyib, mən eşitdim! İndi “İranpresnyus” agentliyindən verilən məlumata görə, görürəm ki, bu demokratik molla hicab məsələsi ilə əlaqədar tutulan oğlan-qızlara “obaş» (farsca oğraş deməkdir) adı verərək, onların hamısının edam olunmasını tələb edib!. İranda özünü tərbiyəli və mədəniyyətli göstərən yeganə mollamızın ağzından belə bir sözün çıxmasına gözlərimiz bərəlib, dilimiz eşiyə çıxdı! Nə isə...
Mahmud Əhmədinejad da bekar oturmayıb. Təzəlikdə yenə də İzrail hakimiyyətini yer üzündən siləcəyini bildirib. Bunu da deyim ki, Mahmudun gödək boyluluğuna baxmayın, onun boyunun yarısı da yerin altındadı. Siz harasını görmüsünüz hələ?! Əgər bəsirət gözünüz olsaydı, onun necə “yığcam pəhləvan” olduğunu görərdiniz. Özü tək canına İzraili məhv edə bilər, amma hayıf ki, başı nüvə silahına qarışıb, yoxsa göstərərdi ki, bu mərəkənin pəhləvanı kimdir!
İran rəsmilərindən baş çıxarmaq çətindir desəm, haqq verin. Bir az qəliz məsələdir. Milli fəal dostum Hüseyn Fərhudəni «Ettelaat»a aparıb o qədər işgəncə veriblər ki, ayaq üstə dura bilmir. Sonra Hüseyni edama məhkum ediblər. Bir az da qabaqdan gəlmişlik edib, onun ailəsinə xəbərdarlıq ediblər: ”SAKIN KİMSEYE KONUŞMA”. Başqa milli fəalımızı tutub, o qədər döyüblər ki, iflic olub. Birisinin də belinin onurğa sütununu sındırıblar. Yenə də onların ailələrinə tapşırıq veriblər ki: ”hisssssssssssss!” .
Keçən günlər Xomeyninin ölümünün ildönümü idi. O zaman təxminən, 7 yaşım olardı. Səhər-səhər anam məni döyə-döyə zorla yuxudan oyadıb məktəbə göndərdi. Yolda uşaqların evlərinə qayıtdıqlarını görüb təəccübləndim. O gün məktəbdə tətil olması xəbərini bilən uşaqlar sevindiklərindən yerə-göyə sığmırdılar. Biri qalxıb yanındakına şıllaq atır, o birisi kitablarını göydə yelləndirirdi. Mən də qaça-qaça göyə sıçrayıb qarşımdan gələn məktəb yoldaşıma şıllaq ataraq rəsmən bu şənliyə qarışdığımı elan elədim. Evə qayıdanda gülər üzümü görən anam soruşdu: ”Hə... a zalımın gədəsi, nə olub? Yenə də dünyanı başına götürmüsən?”
- Xomeyni ölüb! Məktəbdə tətildir - dedim.
Anam şəhadət barmağını ağzının qabağına tutub ”hisssssssss” deyə-deyə mənə yaxınlaşdı, bir sağına, bir soluna baxıb: ”Adamın dərisini soyarlar ha...” söyləyib, yadımda yaxşıca qalsın deyə, qulağımın dibinə bir şapalaq da qoydu. Elə o gündən yadımda qaldı ki, heç vaxt, heç yerdə, heç kimə, heç....