Friday, June 8, 2007

Bizə təcili dəstək gərəkdir




İranda daşqalaq cəzası hələ də aktual olaraq qalır. Mən “Bizim Yol”un 10 aprel tarixli nömrəsində İranda tətbiq edilən daşqalaq cəzası, bu qeyri-insani cəza növünün qurbanlarının siyahısı və qadın hüquq müdafiəsi təşkilatlarının buna reaksiyalarına dair qısaca məqalə yazdım. Amma nə fayda? Molla rejiminin yenə də bir günahsız qadını daşqalaq etmək niyyəti barədə hüquq müdafiəçiləri xəbər tutublar. Bu rejim İranda hakimiyyəti əlinə keçirəndən sonra, elə gün olmur ki, edam, daşqalaq, terror, fiziki işgəncələr, şallaq vurmaq, göz çıxarmaq, bilək kəsmək və digər qeyri-insani cəzalar və cinayətləri müşahidə etməmiş günümüzü axşam edək.
Bu cinayətlərin ən rüsvayçı növü olan daşqalağın növbəti qurbanı bu dəfə, ömür boyu həqarətlərə və zorkılıqlara məruz qalmış Kübra adlı kürd qadındır. Kübra xanımın dediklərinə əsasən, valideynlərinin təzyiqi ilə istəmədiyi şəxsə ərə getmək məcburiyyətində qalıb. Kübra xanım 4 uşağın anası olub. Narkoman əri onu başqa kişilərə satır, üstəlik, bu cinayəti öz gözləri ilə müşahidə etməkdən də çəkinmirmiş. Kübra deyir ki, onu ən çox təhqir edən ərinin kişilərlə yatdığı zaman ona tamaşa etməsi imiş. Dəfələrlə ərinə deyibmiş ki, bundan sonra satılmağı ilə razılaşmayacaq. Amma hər dəfə əri onu hədələyirmiş ki, uşaqları əlindən alacaq. Kübra nəhayət, Həbib adlı bir kişi ilə tanış olur. Həbib onun müştərilərindən birisi imiş. Kübranın başına gələnləri öyrənəndən sonra onun ərini öldürür. Məhkəmədə Həbib qanpulu ödəyib azadlığa buraxılır, ancaq Kübra zina ittihamı ilə DAŞQALAQ cəzasına məhkum edilir. Molla rejimi artıq neçə illərdir ki, daşqalağa son qoyduğunu iddia edir. Amma müşahidələrimiz bambaşqadır. Biz 17 yaşlı Nazənin adlı qıza kəsilmiş daşqalaq cəzasının icra olmasının qabağını ala bilmədik. Habelə qadın hüquq müdafiəçiləri, könüllü vəkillər fondu və s. də heç bir iş görə bilmədi. Güneyin Culfa şəhərindən olub eyni cəzaya məruz qalmış Haciyə İslamvənd öz günahsızlığını 7 ildən sonra sübut edib, azadlığa buraxıldı. Amma hələ də könüllü vəkillər fondunun daşqalaq cəzasına məruz qalanlardan əldə edə bildiyi siyahının 12 nəfərinin taleyindən xəbərsizik. Bunu da əlavə edim ki, bizim əldə etdiyimiz statistika natamamdır. Hələ neçə-neçə adam eyni cəza ilə həbsxanalarda öz vaxtını gözləyir. Amma molla rejimi bu informasiyaları gizlədir. ŞİRİN İBADİnin (qadın hüquq müdafiəçisi, Nobel sülh mükafatı alıb) dediyi kimi, İran kimi bir qapalı rejimdə hər bir gizli - özbaşına iş görülə bilər, ancaq o qədər qaranlıq bir mühitdə yaşayırıq ki, heç bir informasiya əldə edə bilmirik. 2000-ci ildə İran rejimi daşqalağa son qoyduğunu dedi. Amma 2004-cü ildə Məşhəd şəhərində Məhbubə M. və Abbas N.-in daşqalaq olunmasını könüllü vəkillər fondu ifşa edə bildi. Maraqlısı budur ki, molla rejimi onların edam edildiyini bildirmişdi, daşqalaq edildiyini yox! İndi təsəvvür etmək olar ki, neçə nəfər edam əvəzinə DAŞQALAQ olunub və bundan kimsə xəbər tutmayıb. Qadın hüquq müdafiəçiləri daşqalaq cəzasına məruz qalmış 12 nəfərin siyahısını ifşa etdi: V.Xeyriyyə, A. İran, A. Pərisa, N. Kübra, Şəmamə Qurbani, H.İsmailvənd (azadlığa buraxılıb), Suğra Mollayi, Əşrəf Kolhəri, Fatimə (bu qadın Tehranda naməlum bir həbsxanada saxlanılır), Zəhra Rizayi, A.Nəcəf və Abdullah Fərivər. Biz hüquq müdafiəçilərinə, BMT-yə, başqa müvafiq təşkilatlara müraciət edib təcili dəstəklərini xahiş edirik.