Friday, June 8, 2007

İranda islami bar, öz dilimizdə desək, pulsuz siğə


Molla rejimini pisləyənin atasına lənət! Biz doğru-dürüst adamlar deyilik, ola da bilmərik. Niyəsi bəllidir: ADAM deyilik ki! Molla rejimi beş barmağını bala basıb, ağzımıza da soxsa, qayıdıb dişləyəcəyik! Məsələn, İranı abadlaşdırıb, indi isə dünyada ədalət bərpa etmək niyyətində olan, nüvə silahını əldə etməyə milyardlarla pul xərcləyən, kəkilləri çomağın ucu ilə çadranın arxasına itələyən, qəhrəman gənc oğlanların boynundan aftafa medalı asan və həbsxanalarda milləti döyüb, canlarını bərkidən mollalar daha neyləməlidirlər ki, eləməyiblər?! Yox, gəlin papağımızı qabağımıza qoyub, yaxşı-yaxşı fikirləşək. Həqiqətən, daha onlardan nə istəyirik? Doğrusu, biz iranlılar bir az da artıqtamahıq. ABŞ və Avropa Birliyi şeytan kimi hər gün qulağımıza demokratiya, insan haqları və digər qeyri-lazım, aldadıcı, şeytani sözləri oxuyub, milləti yoldan eləyir. Məşrutə inqilabı ərəfəsində Tehranın imam-cüməsindən soruşurlar ki, sən niyə bəs xaricilərin İranın neftini qarət etdiyinə reaksiya göstərmirsən? Nə desə yaxşıdır? “Məgər qiyamətdə mələklər bizi neftə görə sorğu-sual edəcəklər? Axı neftin bizim imanımıza dəxli olmayan yerdə onun talanmasına reaksiyani göstərmək nə lazim?”. Indi həmən mollanın nəvələrinin nüvə enerjisi (bomba) istehsal etməyə bu qədər can atmaqları bir az bizi çaşbaş salıb. Yoxsa bizim rejimə qarşı heç bir mənfi münasibətimiz olmazdı!.
Hələ bunlar bir yana, mollaların yeni sürprizinə saymazcasına yanaşmaq qədirbilməzliyin son dərəcəsidir. Buna görə də dedim, bəlkə, bu haqda bir köşə yazıb, molla babalarımıza öz qədirbilənliyimi bildirim. Demək, molla rejimi subay oğlanların hər bir qadını müvəqqəti siğə edə bilməsi üçün növbəti tədbirini həyata keçirib: ”Müvəqqəti evlənmək (siğə) xidmətləri mollalar tərəfindən ödənişsiz və təmənnasız şəkildə göstərilir”. Mən saytların birində (səhv etmirəmsə, “iranpressnyus”da) bir yazıya tuş gəldim. 36 yaşlı kişi internetdə mollalara zakaz veribmiş ki, mən bir saatlıq bir qadın istəyirəm. Hansı mollanın, İran rəsmisinin və ədliyyə məmurunun bacısı, qızı, yaxud yaxın qohum-əqrəbası var, onu bir saatlıq siğə etməyə hazıram.
Düzünə qalsa, elə nahaq bir söz də deməyib. Hansı bir dövlət rəsmisi öz yaxın qız qohumunu siğə verməyə hazırdır? Bəs siğə olan qadınlar kimlərdir? Mən baş çıxara bilmirəm, onda bəs siğə olan qadınların uşaqları necə olacaq? Yaxud ... bağışlayın, burası çox qəlizidi, deməyə utandım... Nə isə. Ha fikirləşirəm, beynimə sığışdıra bilmirəm. Gah barmaqlarımı soldan sağa, gah sağdan sola sayıram, düz gəlmir ki, gəlmir!
Tutalım siğə oxumaq xidmətləri pulsuz ödənildi, onda bəs arada qalmış, bir saatlıq icarə olunmuş qadının taleyi necə olur? Bəs onun sabahkı günü? Hə, başa düşdüm, sabah da xiyabanda, parkda, otellərdə başqa bir kişi dalısınca gəzəcək: ”Aaaaaaaaaay qardaş, bir saatlıq özümü icarə verirəm, siğə oxunmaq xidməti də pulsuz, mən də ....!”. Bu arada Təbrizin “Üstü örtülü bazar”ında bir çox bekarlar da iş sahibi olacaq. «İşin nədir?» “Sutinyor”, özü də islamisindən. Qədim kişilər yaxşı deyib: ”Qurumsaqlığın adını pisə çıxardıblar ki, bu işdə əl çoxalmasın!”.